LGBT (Lezbian-Gey-Biseksual-Transgender) icması üzvlərinin verdiyi məlumata görə, son bir neçə gündür ki, Azərbaycanda, xüsusilə Bakı şəhərində yaşayan transgender və gey insanlara qarşı təqib kampaniyası başlayıb. Polislər təzyiq göstərərək, adamlardan pul tələb edir, pul verməyənləri həbs edib, onlara hədə-qorxu gələrək digər homoseksualların ad-soyadını və ünvanını söyləməyə məcbur edirlər.
“Minority Azerbaijan” təşkilatının nümayəndəsinin bildirdiyinə görə, həbs olunanlar arasında tərcüməçi, həkim, müəllim olanlar da var.
Polis həbs etdiyi geyləri döyür, bəzi transgenderlərin isə saçlarını qırxıblar. Buna görə də homoseksual insanlar təşviş içindədir və gizlənməyə məcbur olublar.
“Polis həbs etdiyi geyləri döyür, bəzi transgenderlərin isə saçlarını qırxıblar. Buna görə də homoseksual insanlar təşviş içindədir və gizlənməyə məcbur olublar. Hətta polis kirayə evdə yaşayan bəzi homoseksualların ev sahibi ilə danışıb, onların evdən çıxarılmasını tələb edib.”
Adının çəkilməsini istəməyən LGBT fəalının sözlərinə görə, polislər şəhərin Nizami küçəsində insanlara yaxınlaşaraq, onlardan şəxsiyyəti müəyyən edən sənədləri göstərməyi tələb edir, olmadıqda isə onları polis bölməsinə aparır.
Polis transgenderləri həbs edərkən səbəb olaraq onların sahib olduğu xəstəlikləri bəhanə gətirdiklərini bildirən “Minority Azerbaijan”-ın nümayəndəsi qeyd edir ki, onların həbs olunması xəstəliyin qarşısını almadığı üçün bu, absurd bəhanədir.
“Əgər onlarda həqiqətən xəstəlik varsa o zaman onları xəstəxanaya yerləşdirmək lazımdır, həbsə atmaq yox.”
Özünü Fira kimi təqdim edən LGBT fəalı isə polis tərəfindən homoseksual insanlara qarşı edilən bu cür təzyiq hallarının 20 gündən artıqdır davam etdiyini bildirir. Əvvəlcə transgenderlərin həbs olunduğunu bildirən Fira əlavə edir ki, bir çox homoseksual insanlar qorxularından qrup şəklində müxtəlif evlərdə gizlənməyə çalışırlar.
Fira son günlərdəki təzyiqlərlə bağlı İngiltərə, Fransa və Norveç səfirliklərinə şikayət məktubları yazmaqla yanaşı, həm də bir neçə dəfə birinci xanım Mehriban Əliyevaya da məktub yazdığını bildirir.
“Minority Azerbaijan” təşkilatı öz Facebook səhifəsində yaydığı bəyanatda dövlət orqanlarının qanunazidd əməllərini qınayaraq “Daxili İşlər Nazirliyinin Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmış maddələri görməzdən gəlməsini, insanların şərəf və ləyaqətini alçaltmasını” pisləyib.