Leyla Yunusun vəkili: Biz Fransua Ollanddan, Angela Merkeldən, ABŞ-dan, Polşadan... gözləyirik [Video]

Your browser doesn’t support HTML5

Elçin Qəmbərov Amerikanın Səsinə danışır.

Vəkil Elçin Qəmbərov Amerikanın Səsinə müsahibəsində hüquq müdafiəçisi Leyla Yunusun səhHəti, onun beynəlxalq səviyyədə ictimai müdafiəsi ilə bağlı iradları və istintaqın gedişindən danışıb.

Amerikanın Səsi: Leyla Yunusun səhHəti necədir? Bu günlərdə Almaniyadan olan həkimlər onu müayinə edib. Nə qərara gəliblər?

Hepatit C elə inkişaf edib ki, qara ciyərin parçalanması prosesi gedir.

Elçin Qəmbərov: Leyala Yunusla sonuncu dəfə martın 19-da görüşmüşəm. Martlın 12-də Berlinin “Charite” xəstəxanasının şöbə müdiri, professor Dr. Kristian Vitt növbəti dəfə Leyla xanımı müayinə edib. Professor Vitt deyib ki, Leyla xanım bütün xəstəlikləri atırsınız qırağa, sizdə hepatit C məsələsi çıxıb ortaya. Biz bunu əvvəldən də bilirdik, lakin indi hepatit C elə inkişaf edib ki, qara ciyərin parçalanması prosesi gedir. Ona kömək üçün elə dərmanlar yazıblar ki, bu dərmanlar çox bahadır. Dərmanlar elə baha qiymətədir ki, həm də Azərbaycanda yoxdur. Dərmanların əldə edilməsi problemləri qalıb və bu problemi həll etməyə çalışırıq.

Amerikanın Səsi: Həyatı üçün təhlükə var?

Həyatı üçün həqiqətən real təhlükədir.

Elçin Qəmbərov: Hər bir adam anlaya bilər ki, qara ciyərlə, qanla olan problem səhhət üçün çox ciddi problemdir, təhlükədir. Həyatı üçün həqiqətən real təhlükədir.

Amerikanın Səsi: Bəs, dərmanları necə əldə edəcəksiniz?

Qiymətləri çox bahadır.

Elçin Qəmbərov: Bununla bağlı müvafiq tədbirlər görmüşük, nəticələri gözləyəcəyik. Ancaq, deyə bilərəm ki, böyük bir problemdir. Həll olunacağına ümidim yoxdur. Qiymətləri çox bahadır.

Amerikanın Səsi: Leyla və Arif Yunusların istintaqında hansı yeniliklər var? İstintaq nə vaxt yekunlaşa bilər?

Hazırda Leyla xanımla bağlı aktiv istintaq hərəkətləri getmir.

Elçin Qəmbərov: Biz əvvəldən verdiyimiz proqnoz özünü doğruldur. Fevralda həbs qətimkan tədbirinin müddəti daha beş ay uzadıldı, iyulun sonunadək. Biz o qənatədəyik ki, istyintaq bu ilin sonunadək davam etdiriləcək. Bu ilin sonunda və ya 2016-cı ilin əvvəllərində məhkəmə prosesi başlayacaq. Çünki uzun müddət həbsdə saxlamaq növbəti bir təzyiq vasitəsidir. Hazırda Leyla xanımla bağlı aktiv istintaq hərəkətləri getmir. Mən deyə bilmərəm, orada müəyyən ekspertizalar aparılır, şahidlər dindirilir, onlar da istintaq hərəkətləridir. Ancaq, Leyla xanımın özü ilə bağlı dindirmədir, üzləşmələr aktiv şəkildə yoxdur.

Amerikanın Səsi: Leyla Yunus beynəlxalq və yerli səviyyədə ictimai müdafiəsindən razıdırmı? Bu sahədə hansı işlər görülüb?

Ancaq, burada xarici dövlətlərin hökumətlərini konkretləşdirsək, biz onların mövqeyindən çox narazıyıq. Çünki belə bir müdafiə həyata keçirilmir.

Elçin Qəmbərov: Burada çox qəribə bir situasiya əmələ gəlib. Biz beynəlxalq qurumlara, insan halqarı qurumlarına minnətdar olmalıyıq. Onlar Leyla və Arif Yunusun həbsinin ilk günündən aktivlik göstərirlər, imkanları çərçivəsində müdafiə kampaniyası aparırlar. Ancaq, burada xarici dövlətlərin hökumətlərini konkretləşdirsək, biz onların mövqeyindən çox narazıyıq. Çünki belə bir müdafiə həyata keçirilmir. Ona görə də biz o qənatədəyik ki, qərb Azərbaycanda insan haqlarını ikinci plana verib. Qərb öz iqtisadi, strateji maraqlarını insan halarından üstün tutur. Beynəlxalq təşkilatlar amorf qurumlardır, onların əlində Azərbaycan hökumətinə qarşı təzyiq mexanizmi yoxdur. Onlar yalnız bəyan edə bilərlər, ictimai fikir formalaşdıra bilərlər. Azərbaycanda da beynəlxalq ictimai fikrə münasibət göz qabağındadır.

Amerikanın Səsi: Leyla xanım konkret olaraq hansı hökumətlərdən daha çox narazıdır? Məsələn, Fransanın “Legion” ordeninin kavaleridir, eyni zamanda ABŞ, Alımaniya, İngiltərə kimi nəhəng ölkələrlə bağlı fikirləri necədir?

Azərbyacan prezidentinin cavabından o qane olmuşdu, ondan o yana keçməmişdi.

Elçin Qəmbərov: Bizdə məlumat var idi ki, Fransa prezidenti Fransua Olland Azərbaycan prezidenti ilə görüşündə bu məsələni qaldırmışdı. Azərbyacan prezidentinin cavabından o qane olmuşdu, ondan o yana keçməmişdi. Leyla Yunus Fransanın “Şərəf Legionu” ordeninin kavaleridir, biz Fransa hökumətindən, Fransa rəsmilərindən gözləyirik. Lela xanım Almaniyanın “Teoder Haker” (Theodor Haecker) adına beynəlxalq mükafatının qalibidir, biz Angele Merkeldən, bundestaqdan gözləyirik. Leyla Yunus Polşada, ABŞ-da, ümumilikdə beynəlxalq aləmdə çox tanınır. Ancaq onların fəaliyyəti Leyla Yunusun azadlığa çıxması üçün kifayət etmir.

Amerikanın Səsi: Diplomatik missiyalar necə, Leyla xanımla görüşə cəhd edirmi, maraqlanırlarmı?

Ancaq, biz xarici qurumlara aptek gözü ilə baxmırıq.

Elçin Qəmbərov: Bəli, cəhdlər çox olub. Amma, cəmi bir dəfə Nils Mujnieks onunla görüşə bilib. Ancaq, digər rəsmi şəxlərə bildirilib ki, istintaq gedir və görüşə icazə verilmir. Sonuncu dəfə Avropa İttifaqının insan haqları üzrə komissarı görüş istəmişdi, ona da icazə verilmədi. Bəli, xarici qurumlıar var ki, dərmanla, digər məsələlərdə köməklik edirlər. Ancaq, biz xarici qurumlara aptek gözü ilə baxmırıq.