Leyla Yunus: Təhqirlər müntəzəm olaraq davam edir...

Leyla Yunus

Yerli media həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun növbəti məktubunu yayıb.

Məktubda deyilir:

“Azərbaycanda Almaniyadan olan həkimin iştirakı ilə belə, təhqirsiz tibbi ekspertiza həyata keçirə bilmirlər.

29.12.2014-cü il tarixində səhər saat 9.15-də Ədliyyə Nazirliyinin həkimləri kameraya gəldilər və dedilər ki, Almaniyadan məni müayinə etmək üçün həkim gəlib.

Mənə dedilər ki, o, burada, İstintaq Təcridxanasındadır və Tibbi Mərkəzdə məni gözləyir. Amma mən korpusdan çıxdıqda dedilər ki, məni “20 Yanvar”dakı Diaqnostika Mərkəzinə aparacaqlar. “Voronok”da getmək işgəncədir və mən bu yolu çox ağır keçirdim.

Alman həkim mənə dedi ki, onu Avropa İttifaqından göndəriblər və dərhal tibbi müayinəyə başladı.

Otaqda onunla məndən başqa 8-10 yerli həkim var idi. Bu almanın iştirakı ilə hər şey sakit gedirdi. USM-dən, MRT-dən, rentgen və s.-dən keçdim. Sonuncu kardioqram idi. Müayinə boyunca yanımda olan alman bunun son prosedur olduğunu və bütün nəticələri alacağını deyərək, məni sakitləşdirdi və getdi.

Mühafizəçi qadın bütün gün yanımda olub. Bir addım belə uzaqlaşmayıb. Kardioqram çəkilərkən kardioloq sviterimi çıxarmağımı və divara tərəf dönməyimi istədi (baxmayaraq ki, həmişə arxası üstdə yatmağı istəyirdilər). 15 dəqiqə sonra başımı çevirdim və başımın üstündə mühafizəçi kişini gördüm, o, açıqcasına çılpaq halda mənə baxır və gülümsəyirdi.

Niyə onlar yenə məni ələ salır və istehza edirdilər??!! Mən qışqırdım, niyə mühafizəçi qadın olduğu halda kişinin burada olduğunu soruşdum, amma heç kim cavab vermədi. Bundan başqa, baş həkim Ağayev məni nə həkimə, nə də kişiyə yaraşmayacaq şəkildə təhqir edir və alçaldırdı.

Alman heyrətə gəlmişdi, o, yanımda oturub məni sakitləşdirirdi, deyirdi ki, belə bir şeyi təsəvvür belə edə bilməzdi.

Bu təhqirlər müntəzəm olaraq davam edir...”, məktubda deyilir.

Öz növbəsində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin dekabrın 30-da yaydığı məlumatda deyilir ki, Azərbaycan hökuməti humanizm prinsiplərini rəhbər tutaraq və təqsirləndirilən şəxs Leyla Yunusovanın səhhəti barədə yayılan şayiələrə son qoymaq məqsədi ilə Almaniyanın tanınmış Charite xəstəxanasının şöbə müdiri, professor Dr. Kristian Vittin Leyla Yunusovanı müayinə etməsinə razılıq verib və bunun üçün bütün şərait yaradılıb.