Leyla Yunus hakimi ittiham edir- hüquq müdafiəçisinin müraciəti

Leyla Yunus

Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus onu və həyat yoldaşı Arif Yunusu işgəncələrə məruz qoyan hakim Əfqan Hacıyevin kənarlaşdırılmasını tələb edib. Bu barədə 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan hüquq müdafiəçisi Leyla Yunus telefonla zəng etmək hüququndan istifadə edərək, Turan agentliyinə bildirib.

“Avqustun 3-də məhkəmə iclasında Arif hipertoniya böhranı keçirib, təzyiqi 260:140-a qalxıb və o, huşunu itirib. Buna baxmayaraq, hakim iclası yekunlaşdırmayıb, həkimləri Arifi özünə gətirməyə çağırıb. Bir neçə saat Arif taxta skamyada uzanıb, həkim isə ona iynələr vurub. Arifin başı mənim dizlərimdə idi, amma nəzarətçilər məni şüşə qəfəsdən sürüyüb çıxardılar, mənə də, Arifə də fiziki əziyyət verdilər”, deyə Leyla Yunus bildirib.

“Prosesin təxirə salınması və Arifin müalicəsinə imkan verilməsi haqqında bütün tələblərimizə və vəsatətlərimizə hakim məhəl qoymayıb. Avqustun 4-də vəziyyət təkrarlanıb. Arifi məhkəməyə gətirməzdən əvvəl Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında həkim ona iynə vurub, amma bu, cəmi yarım saat üçün kifayət edib. Arif infarktöncəsi vəziyyətdədir, təzyiqi daim yüksəlir və o, huşunu itirir", Leyla Yunus qeyd edib.

Onun sözlərinə görə, bu gün, avqustun 5-də vəziyyət təkrarlanıb, saat 10-dan 13-ə qədər həkim Arifə 6 iynə vurub – hər yarım saatdan bir, amma hakim iclası dayandırmayıb, onu heç olmasa üç günlüyünə təxirə salmayıb.

“Bu, əsl işgəncədir, Əfqan Hacıyev isə inkvizitordur, o, Arifin həyatını təhlükəyə atır, buna son qoyulmalıdır, mən prosesin bir müddət təxirə salınmasını tələb edirəm!”, deyən Leyla Yunus əlavə edib ki, öz vəkillərindən Əfqan Hacıyevin kənarlaşdırılması haqqında müraciətini Məhkəmə-Hüquq Şurasına verməyi xahiş edib.

Müstəqil jurnalistlərin məhkəməyə buraxılmamasını və zalın yalançı şəxslərlə doldurulmasını nəzərə alaraq, hüquq müdafiəçisi mətbuata çatdırıb ki, ittiham tərəfin şahidlərindən heç biri Leyla və Arif Yunusa qarşı fırıldaqçılıq ittihamlarını təsdiq etməyib.

“İstisnasız olaraq bütün şahidlər bizə qarşı heç bir irad irəli sürməyiblər, əksinə, onlar ittihamları təkzib ediblər”, Yunus bildirib.

O həmçinin qeyd edib ki, məhkəməyə Sülh və Demokratiya İnstitutunun layihələri üzrə beynəlxalq donorların rəyləri daxil olub. Bu rəylərdə donorlar birmənalı olaraq bildirirlər ki, öz layihələrinin icrasından məmnundurlar və Leyla Yunus tərəfindən heç bir pozuntu qeydə almayıblar və ona qarşı iradları yoxdur.

Eyni zamanda, o bildirib ki, dövlətə xəyanət ittihamı ləğv edilsə də, məhkəməyə bu barədə danışan insanlar çağırılır.

“Jurnalist Əkbər Həsənov bildirib ki, Ermənistanda olub və Arifin David Şahnazaryanla pıçıldaşdığını görüb və bu, onda şübhə doğurub. Onda mən ondan soruşdum: bəs niyə neçə ildir susurdun və bu barədə MTN-ə məlumat vermirdin, indi isə danışırsan?”, Yunus bildirib.

Digər şahid – naməlum şəkildə şahidlər arasına düşən Təhmasib Novruzov bildirib ki, Leyla və Arif Yunusun xəyanəti haqqında mətbuatdan öyrənib və o, “buna inanır”.

“İstintaqın bütün dəlilləri bundan ibarətdir”, Leyla Yunus qeyd edib.