Penitensiar Xidmət Leyla Yunusun məktubuna cavab verib

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti hüquq müdafiəçisi Leyla Yunusun 1 saylı Bakı İstintaq Təcridxanasında saxlandığı kamerada təzyiqə məruz qalması ilə bağlı onun mediada yayılmış məktubu ilə bağlı Amerikanın Səsinin sorğusuna cavab verib. Penitensiar Xidmətinin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov bunları bildirib:

Ədliyyə Nazirliyinin Penitensiar xidməti təqsirləndirilən şəxs Leyla Yunusovanın guya müəssisə əməkdaşları tərəfindən fiziki və mənəvi zorakılığa məruz qalması ilə bağlı yayılan növbəti məlumata cavab olaraq bildirir ki, həmin xəbər əsassızdır. Leyla Yunusovanın və Şahıyeva Gülyaz adlı qadının saxlandığı otağa guya mülki geyimli bir neçə şəxsin daxil olması və təqsirləndirilən şəxsə qarşı təhqiredici hərəkətlərə yol verməsi ilə bağlı xəbər həqiqəti əks etdirmir.

Belə ki, sözügedən mülki geyimli şəxslər Leyla Yunusovanın və onun vəkillərinin müraciətinə əsasən onun tibbi müayinəsi məqsədilə istintaq təcridxanasına dəvət edilmiş Səhiyyə Nazirliyinin müxtəlif sahələr üzrə ixtisaslaşmış mütəxəssisləri olub. Leyla Yunusova onları görən kimi guya təzyiqə məruz qaldığını deyərək yüksək səslə qışqırmağa başlayıb. Daxili intizam qaydalarını kobud pozduğuna və həkimlərə qarşı qeyri-etik davranışına görə müəssisə rəhbərliyi tərəfindən töhmət alıb.

Məlumat üçün bildiririk ki, Leyla Yunusovaya həkimlərin baş çəkəcəyi haqda qabaqcadan məlumat verilmişdir və onun həkimlərə qarşı hərəkətləri əvvəlcədən düşünülmüşdür.

Xatırladaq ki, təqsirləndirilən şəxs Leyla Yunusova əvvəllər də bu cür davranışlarla gündəmə gəlməyə cəhd göstərib. Xatırladaq ki,saxlanıldığı vaxt da o, polis əməkdaşlarına qarşı kobudluğa yol verib. Bu, Leyla Yunusovanın belə kobud hərəkətlərə meylli olmağına dəlalət edir.

Penitensiar Xidmət bir daha bildirir ki, belə əsassız məlumatlar rejim qaydalarını pozmağa və qanunda nəzərdə tutulmamış imtiyazlar əldə etməyə can atan məhkum və təqsirləndirilən şəxslər, eləcə də onların bəzi yaxınları tərəfindən ictimai fikrin çaşdırılması məqsədilə yayılır.

Qeyd: Hüquq müdafiəçisi Leyla Yunus noyabrın 27-də yazdığı məktubda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlandığı kamerada mülki geyimli şəxs tərəfindən təhqir olunduğunu bildirir.

"Bu dəfə içəri girən gənclər kameraya səpələndilər, onlardan biri - qara paltolu kişi mənim taxçama yaxınlaşdı, iyrənccəsinə gülümsəyib qəflətən dodaqları və əlləri ilə mənə ədəbsiz işarələr verməyə başladı. Bu işarələri küçə qadınlarına, fahişələrə göstərirlər.

Bədənim əsdi, qışqırdım: “siz kimsiz?”. O, əvvəlkindən də iyrənc təbəssümlə o biri kişilərə tərəf boylanıb mənə bir qədər də yaxınlaşdı.

Məni isteriya götürdü, vəhşicəsinə çığırmağa başladım. Ömrümdə belə isteriya ilə qışqırmamışdım. “Rədd olun! Əl vermərəm! Alçaqlar! Haramzadalar! Əclaflar” - deyə hayqırır, əsəbdən çırpınırdım", deyə xanım Yunus məktubunda bildirir.