“Müsəlman Birliyi” Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırovun xanımı Leyla İsmayılzadə haqqında cinayət işi başlanıb. Bu barədə AzadlıqRadiosu-na hüquq-mühafizə orqanlarından bildirilib.
“Cinayət işi Qobustan həbsxanasına Taleh Bağırovun yanına telefon keçirmək cəhdi ilə bağlıdır. Uzun müddət Ədliyyə Nazirliyinin istintaq idarəsində araşdırmalar getdi. Ekspertiza təyin edildi və rəy alındı. Yekunda belə nəticəyə gəliblər ki, Leyla İsmayılzadənin əməlində cinayət tərkibi var. İşin istintaqı da həmin idarədə aparılır. Artıq istintaq yekunlaşmaq üzrədir və yaxın günlərdə Cinayət Məcəlləsinin 317-1 (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi) ittiham elan edib, iş məhkəməyə göndəriləcək”, AzadlıqRadiosu-na bildirilib.
Leyla İsmayılzadə isə AzadlıqRadiosuna deyib ki, istintaqın gedişi, ona ittiham verilməsi kimi məsələlərdən xəbəri yoxdur. Lakin müstəntiq onunla əlaqə saxlayaraq, sentyabrın 27-də Ədliyyə Nazirliyinin istintaq idarəsinə çağırıb: “Sabah idarəyə gedəcəm”.
Leyla İsmayılzadə əlavə edib ki, sözügedən məsələ ilə əlaqədar bundan öncə də iki dəfə dindirilib.
Penitensiar Xidmət martın 21-də Leyla İsmayılzadə haqda məlumat yayıb. Məlumatda bildirilib ki, o üç azyaşlı övladı ilə birlikdə həyat yoldaşının yanına gələndə mobil telefon və danışıq kartı gətirib:
“Məhkum Bağırov Taleh Kamil oğlunun yanına üç azyaşlı övladları ilə birgə qısamüddətli görüşə gəlmiş arvadı, Bakı şəhər sakini İsmayılzadə Leyla Miryaqub qızı tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilən zaman uşaq çantasının içində oyuncaqların arasından 1 ədəd “Samsung” markalı mobil telefon və 1 ədəd danışıq kartı aşkar edilmişdir”.
Leyla İsmayılzadə isə qayınatasına məxsus sözügedən telefonun işlək olmadığını, uşağın ondan oyuncaq kimi istifadə etdiyini və həbsxanaya məqsədli şəkildə gətirilmədiyini bildirib:
“Gündüzlər o telefonda Abbas Youtube-da cizgi filminə baxır, axşamlar da babası saytlara. Başımız qarışıq olub, heç bilməmişik nə vaxt atıb oyuncaqların arasına. Elə birbaşa çantanı götürüb aparmışıq. Həbsxanada bütün çantaları, əşyaları yoxlamaya təqdim etmişdik. Çantaları yoxlayıb gətirdilər, Abbasın oyuncaq çantasını da. Artıq görüşdə idik, Abbas oyuncaqlarıyla oynayırdı, gəlib Talehi çağırdılar ki, uşağın oyuncaq çantasının içindən telefon tapılıb. Gətirib telefonu göstərəndə özümdən ixtiyarsız qayıtdım ki, biz bu telefonu iki gündür axtarırdıq. Ağlımıza gəlməzdi ki, oyuncaqların arasına atar”.
Leyla İsmayılzadə hesab edir ki, həyat yoldaşına təzyiq məqsədilə bu olayı şişirdiblər.
Cinayət Məcəlləsinin 317-1.1 maddəsində 1000 manatdan 2000 manata qədər cərimə və ya iki ilədək islah işləri, yaxud da iki ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.