Hər üç rusiyalıdan ikisi deyir ki, ölkələrinin düşmənləri var, amma ən böyüyü Birləşmiş Ştatlardır. Bunu “Levada” mərkəzinin yanvarın 10-da açıqladığı sorğu üzə çıxarıb.
Kremlin 2016-cı ildə ABŞ-da prezident seçkisinə müdaxiləsi barədə iddialar ortaya atılandan sonra ikitərəfli münasibətlər xeyli soyuyub.
Respondentlərin 66 faizi Rusiyanın düşməninin olmasına inandığını dilə gətirib.
68 faiz Birləşmiş Ştatları Rusiyanın ən böyük düşməni saydığını deyib. Ondan sonra Ukrayna (29 faiz) və Avropa Birliyi (14 faiz) gəlir.
Rəyi soruşulan hər dörd rusiyalıdan biri deyir ki, “ölkə bütün tərəflərdən düşmənlərlə əhatələnib”.
Respondentlərin 2 faizindən də azı liberalları, müxalifəti, Çini və oliqarxları düşmən sayır.
“Levada” sorğunu ötən il dekabrın 1-dən 5-dək Rusiyanın 48 regionunda 1600 rusiyalı arasında keçirib.