Lətif Hüseynov Avropa Məhkəməsində hakimliyə namizəd kimi səs çoxluğu qazanıb

Lətif Hüseynov

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Avropa İnsan Haqları Məhkəməsinə (AHİM) Hakimlərin Seçilməsi Komitəsinin sentyabrın 29-da keçirilən iclasında AİHM-ə Azərbaycanın irəli sürdüyü 3 namizəd arasında kimin yüksək səs çoxluğu qazandığı məlum olub.

APA agentliyi AŞPA-ya istinadən bildirir ki, Hakimlərin Seçilməsi Komitəsi üç nəfərin arasından ən uyğun namizəd kimi Lətif Hüseynovu tövsiyə edib.

AŞPA-nın payız sessiyası çərçivəsində oktyabrın 11-12-də hakimin seçilməsi ilə bağlı səsvermənin keçirilməsi gözlənilir.

Azərbaycanın Avropa Şurasındakı səfiri Emin Eyyubov AŞPA-nın baş katibi Voytsex Savitskiyə hakimlər Kəmalə Abıyeva, Lətif Hüseynov və Rövşən İsmayılovun namizədliyinin Azərbaycan hökuməti tərəfindən təsdiqlənməsi barədə məktub göndərib.

Bundan əvvəl 2 dəfə - ötən il iyunun 15-də və bu il yanvarın 24-də AŞPA Azərbaycandan göndərilən namizədlərin siyahısını geri qaytarmışdı.