Qrupun Livandakı əməliyyatlarını izləyən təhlükəsizlik mənbələri Reuters xəbər agentliyinə bazar ertəsi İsrailin hücumu nəticəsində Livanın cənubunda Hizbullahın elit "Radvan" qüvvələrinin komandirinin öldürüldüyünü bildirib. Bu, İsraillə üç aydır davam edən döyüşlərdə Hizbullahın yüksək rütbəli zabitlərinə qarşı ən yüksək profilli hücumlardan biri olub.
Oktyabrın 7-də HƏMAS-ın Qəzzadan İsrailə hücumundan sonra İsrail-Livan sərhədində baş verən döyüşlərdə "Radvan" qüvvələrinin üzvləri də daxil olmaqla, 130-dan çox Hizbullah döyüşçüsü öldürülüb.
Livandakı üç təhlükəsizlik mənbəsinin dediyinə görə, "Radvan" bölməsinin rəis müavini Vissam Əl-Tavil və Hizbullahın başqa bir döyüşçüsü içərisində olduqları avtomobil sərhəddən təxminən 6 km aralıda yerləşən Məcdəl Selm kəndində vurulması nəticəsində həlak olub.
İsrail bununla bağlı şərh verməyib.
Livandakı başqa bir mənbəyə görə, Tavil indiyədək döyüşlərdə öldürülən Hizbullahın ən yüksək səviyyəli komandirlərindən biri olub.
Qrup Tavilin baş katib Seyid Həsən Nəsrullah və 2008-ci ildə Suriyada öldürülən qruplaşmanın hərbi komandiri İmad Muğniyə də daxil olmaqla, Hizbullah liderləri ilə fotoşəkillərini yayıb.
Başqa bir fotoşəkildə onun dörd il əvvəl Bağdadda ABŞ-ın pilotsuz təyyarəsinin zərbəsi nəticəsində öldürülən İran Qüds Qüvvələrinin mərhum lideri Qasım Süleymaninin yanında oturduğu əks olunub.
Təhlükəsizlik mənbələrindən biri Tavilin ölümünü "çox ağır zərbə" olduğunu, digəri "indi vəziyyət daha da gərginləşəcək" deyib.
Keçən həftə İsrailin HƏMAS rəhbərinin müavini Saleh Əl-Arurinin Beyrutun cənubuna, Hizbullahın nəzarətində olan bölgəsinə endirdiyi zərbə nəticəsində ölməsi gərginliyi daha da artıb. İsrail bu hücuma görə məsuliyyətini nə təsdiq, nə də təkzib edib.
Hizbullah şənbə günü bildirib ki, Arurinin öldürülməsinə "ilkin cavab" olaraq İsrailin əsas müşahidə məntəqəsini 62 raketlə vurub.