Livanda hökumətə qarşı keçirilən nümayişlər zamanı təhlükəsizlik qüvvələri ilə etirazçılar arasındakı zorakılıqdan bir gün sonra təşkilatçılar bazar ertəsinə təyin edilmiş nümayişi təxirə salıb.
Facebook vasitəsilə "Sən üfunətsən" kampaniyası adı altında açıqlanan məlumatda deyilib ki, təşkilatçılar öz tələblərini bir daha nəzərdən keçirmələri üçün bazar ertəsi axşama təyin edilən nümayiş təxirə salınır. Vəziyyətə aydınlıq gətirmək üçün onlar mətbuat konfransı keçirməyi planlaşdırır.
Bazar günü Beyrutda minlərlə etirazçı yeni prezidentin bir ildən çoxdur yürütdüyü uğursuz siyasətinə və ölkə boyu baş alıb gedən zibil qalaqlarının təmizlənməməsinə qarşı dinc nümayişə çıxıb. Lakin axşamüstü təhlükəsizlik qüvvələrinin nümayişi dağıtmaq üçün suvuran maşından və gözyaşardıcı qazdan istifadə etməsindən sonra eritazçılarla qarşıdurma baş verib.
Təşkilatçılar isə zorakılıqlarda iştirak etmədiklərini və nümayişçilərin bir hissəsini başqa əraziyə göndərdiklərini deyib.
Rəsmilər bazar günü baş verən zorakılıqlar zamanı 45 etirazçının və 30 polis işçisinin yaralandığını bildirib.