Senatda sərhəd təhlükəsizliyi və Ukraynaya yardımla bağlı razılaşma respublikaçıların dəstəyini geri götürməsi ilə iflasa uğrayıb.
Bu, prezident Co Baydenin Konqresi “xarakter nümayiş etdirərək” Donald Trampa qarşı durmağa çağırıdığına baxmayaraq baş verib.
Demokrat prezidentin Ağ Evdə çıxışından bir neçə dəqiqə sonra Senatın Respublikaçı lideri Mitç Makkonnell Respublikaçılar Partiyasının Kapitoli binasında nahar yeməyindən çıxıb və razılaşmanın əldə olunmadığını etiraf edib.
"Mənə və üzvlərimizin əksəriyyətinə elə gəlir ki, bizim bu qanunvericiliyi qəbul etmək üçün real şansımız yoxdur" – deyə, o bildirib.
Qanun layihəsi Amerikanın gücünü bütün dünyada nümayiş etdirmək məqsədi daşıyırdı. Burada İsrailə, Amerikanın Asiyadakı digər müttəfiqlərinə, ABŞ-ın immiqrasiya sisteminin ehtiyacları, Qəzza zolağına və Ukraynaya humanitar yardım üçün on milyardlarla dollar ayrılması nəzərdə tutulurdu.
Lakin respublikaçılar kompromisdən imtina etdikdən sonra prezident və Senat liderləri Ukraynaya Konqres vasitəsilə yardım almaq üçün aydın bir yolun tapılmadığı çıxılmaz vəziyyətə düşüblər.
Onlar sərhəd təklifini qeyri-kafi hesab edən və Ukraynanın maliyyələşdirilməsini pul israfı kimi tənqid edən Trampın başçılıq etdiyi mühafizəkarların müqaviməti ilə üzləşiblər.
Prezident Bayden uğursuzluğa görə birbaşa Donald Trampın günahkar olacağını deyib.
"Əgər bu qanun layihəsi uğursuzluğa düçar olarsa, mən bir şeyə tam əmin olacağam: Amerika xalqı bunun niyə uğursuz olduğunu biləcək", Bayden bildirib . “Bu gündən noyabr ayına qədər amerikalılar biləcəklər ki, sərhədin təhlükəsiz olmamasının yeganə səbəbi Donald Tramp və onun MAGA Respublikaçı dostlarıdır”, o deyib.
Kapitolidəki demokratlar razılaşmanın iflasa uğradığını məyusluq hissi ilə qarşılayıblar.
Əksəriyyət lideri senator Çak Şumer çərşənbə axşamını "Birləşmiş Ştatlar Senatı üçün qaranlıq gün" adlandırıb. O, respublikaçıları razılaşmadan geri çəkildiklərinə görə kəskin tənqid edib.
“Aylarla davam edən xoş niyyətli danışıqlardan sonra, aylarla respublikaçıların istədiklərini almasından sonra Lider Makkonnell və Respublikaçıların qrupu sərhədlə bağlı qızğın şəkildə tələb etdikləri müddəalara baxmayaraq, əlavə milli təhlükəsizlik paketini öldürməyə hazırdırlar” – deyə, o qeyd edib.
Senatorlar hələ də Ukraynanın maliyyələşdirilməsini Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasından keçirməyin yolunu tapmağa çalışırlar.
Çərşənbə axşamı günü sərhədlə bağlı kompromisin uğursuzluğundan sonra həmin bölməni paketdən çıxarmaq və Amerika müttəfiqlərinə yardımı ayrıca nəzərdən keçirmək təklifləri irəli sürülüb.
Amma bu ideya həm də Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasında müqavimətlə üzləşir. Spiker Mayk Conson Ukraynanın maliyyələşdirməsi ilə bağlı heç bir qanun layihəsini səsverməyə çıxarmamağı tələb edən mühafizəkarların təzyiqi altındadır.
O, Ukrayna və İsrailə yardımla bağlı suala cavab verərək jurnalistlərə deyib: “Biz bu tədbirləri və problemləri müstəqil şəkildə və ayrıca nəzərdən keçirməliyik”.
Milli təhlükəsizliyə dair qanun layihəsi ilə bağlı razılığın əldə edilməməsi Baydenin cümə günü Almaniya kansleri Olaf Şolts ilə görüşü öncəyə təsadüf edir.
Bayden Şoltsla görüşündə Ukraynanı Rusiyanın təcavüzünə qarşı müqaviməti davam etdirməsi üçün lazım olan maliyyə ilə təmin etməyə sadiq olduğunu vurğulamaq niyyətindədir.