Vəkil: Tofiq Yaqublunun məhkəmə ilə bağlı apardığı qeydlər müsadirə olunub

Tofiq Yaqublu-Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü

Dekabrın 21-də Bakı Apellyasiya Məhkəməsi Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun həbsilə bağlı verilmiş şikayəti təmin etməyib.

Nərimanov Rayon Məhkəməsi Yaqublu barəsində külli miqdarda ziyan vurmaqla dələduzluq və sənədləri saxtalaşdırma maddələri ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Your browser doesn’t support HTML5

"Tofiq Yaqublunun məhkəmə ilə bağlı apardığı qeydlər müsadirə olunub"

Vəkil Nemət Kərimli bildirib ki, siyasətçi ona qarşı irəli sürülən ittihamları rədd edərək uydurma adlandırıb:

“Məhkəmə onun ittiham olunduğu maddə ilə bağlı hər hansı bir sübut təqdim etməyib. Sadəcə kağıza nələrsə yazılıb, orada Tofiq bəyin adını dəyişib başqasının adını yazmaqla təxminən eyni ittiham vermək olar”.

Vəkil Aqil Layıc açıqlamasında bildirib ki, Tofiq Yaqublu məhkəməyə gətirələrkən qeydlər apardığı vərəqlər nəzarətçilər tərəfindən əlindən alınıb.

“Özü üçün apardığı qeydləri belə müsadirə ediblər. Bu kiçik bir detaldır ki, həbsin nə qədər siyasi sifarişli və eyni zamanda onun siyasi fəaliyyəti ilə əlaqədar olmasını sübut etsin. Heç bir əsası yoxdur, bura yalandan gəlib yığışırıq, vəsatət veririk, ancaq yazı-pozu işləridir. Yəni görəcəyimiz bir şey yoxdur”, deyə vəkil qeyd edib.

Tofiq Yaqublu dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi açılıb.

Siyasətçi bundan öncə də cinayət və inzibati həbslərə məruz qalıb. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıb.

Son günlərdə ölkədə qaçaqmalçılıq, sənədsiz torpaq üzərində qanunsuz ev tikmək və başqa ittihamlarla 8 jurnalist həbs edilib.

2023-cü ilin iyul ayında iqtisadçı alim, ADR Partiyasının sədri Qubad İbadoğlu (satış məqsədi ilə saxta valyuta hazırlamaqda ittiham olunur), ötən ilin dekabrından insan hüquqları faəlı Bəxtiyar Hacıyev (Cinayət Məcəlləsinin 8 maddəsi üzrə ittiham olunur) həbs edilib.

Yerli hüquq müdafiəçilərinin hesabatlarına görə, hazırda ölkədə ümumilikdə siyasi iddialarla 200-dən çox şəxs həbsdədir.

Azərbaycandakı həbslər çoxsaylı beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən qınanılıb.

Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.