Qarabağ problemi bir sənədlə həll oluna bilməz. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirdiyi illik mətbuat konfransında deyib.
“Tərəflərin mövqelərini yaxınlaşdırmaq, onlardan münaqişənin bu və ya digər aspektinə uyğun yanaşmaları ayırmaq, tərəfləri bəzi məsələlərdə ortaq məxrəcə gətirə biləcək kompromisləri təlqin etmək üçün son illər intensiv səylər göstərmişik”, Sergei Lavrov deyib.
“Qarabağ münaqişəsinin həllindən ötrü Rusiyanın konkret planları ola bilməz, bu səbəbdən problemi yalnız tərəflər özləri həll etməlidirlər”, nazir əlavə edib.
Lavrov deyir ki, Rusiya, ATƏT-in Minsk qrupunun digər həmsədrləri olan ABŞ və Fransa ilə birlikdə münaqişənin həlli üçün hər şeyi edir.
“Tərəflər bilirlər ki, həmsədrlər düşünürlər, məsələni tərəflər özləri həll etməlidirlər. Əlbəttə, tərəflərdən hansısa müsbət impuls gözləyirik. Ötən il prezidentlərin və xarici işlər nazirlərinin görüşməsinə şadıq. Yəni iş artıq tərəflərin üzərindədir”, Lavrov vurğulayıb.
Xatırlatma
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik yeddi rayon və bəzi əlavə kəndlər işğal edilib.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.
Minsk qrupu tərəflərə indiyə kimi, əsasən, üç təklif verib. Münaqişənin paket həlli, münaqişənin mərhələli həlli və "Ümumi dövlət" konsepsiyası.
Birinci varianta görə, işğal edilən ərazilərlə status məsələsi paket həll edilməlidir. İkinci variantda isə əvvəlcə ərazilər boşaldılmalı, sonra statusa baxılmalıdır. Üçüncü variantda münaqişə zonasında ümumi dövlətin yaradılmasından söhbət gedir. Azərbaycan münaqişənin mərhələli həllinə tərəfdardır. Bu variantlardan heç biri qəbul edilməyib.
Daha sonra həmsədrlər əvvəlki üç varianta söykənən "Madrid prinsipləri"ni təklif ediblər.