Baltikyanı ölkələr mayın 15-dən etibarən sərhədləri qismən açmağa qərar verib

Baltikyanı ölkələr mayın 15-dən sərhədləri qismən açmağa qərar verib. Litva, Latviya və Estoniya vətəndaşlarının bu ölkələr arasında səfər etmələri üçün razılığa gəlib. Litvanın baş naziri Saulus Skvernalis bu barədə məlumatı Latviyanın baş naziri Krişyanis Karins və Estoniyanın baş naziri Yuri Ratasla söhbətdən sonra açıqlayıb.

"Baltikyanı ölkələrin hər üçü koronavirusun yayılmasına qarşı yaxşı iş gördü. Bundan əlavə, biz ölkələrimizin səhiyyə sistemlərinə də güvənirik. Buna görə də mayın 15-dən etibarən Litva, Latviya və Estoniya vətəndaşlarının Baltikyanı ölkələrdə hərəkətinə qoyulan qadağanı ləğv edəcəyik" - deyə, Saulus Skvernalis bildirib.

Skvernalis başqa ölkələrdən qayıtdıqdan sonra Litva, Latviya və ya Estoniya vətəndaşlarının iki həftə təcrid edilməli olacaqlarınlı deyib.

Bundan əvvəl Litva hökuməti Polşanın baş naziri Mateuş Moravetski ilə sərhədlərin açılmasına dair razılıq əldə edib. Mayın 11-dən etibarən Litva vətəndaşları iş və ya təhsil almaq üçün 2 həftə təcrid tələbi olmadan Polşaya səfər edə bilər.

Epidemiya başlayandan bəri Estoniyada 1733 yoluxma və 55 ölüm, Latviyada 900 yoluxma və 17 ölüm, Litvada isə 1428 yoluxma və 48 ölüm halı qeydə alınıb.