Güneyli müəllim Lətif Ruzixah Culfa həbsxanasına köçürülüb

Letif Ruzixah

Azərbaycanlı müəllim Lətif Ruzixahın 7 ay həbs cəzasını çəkmək üçün İran Azərbaycanının Culfa şəhərinin həbsxanaına köçürüldüyü bildirilir.

Şərqi Azərbaycan vilayətinin müəllimlərin həmkarlar ittifaqının idarə heyəti üzvü Lətif Ruzixah daha öncə Culfa İnqilab Məhkəməsi tərəfindən “İslam Respublikası nizamına qarşı təbliğat aparmaq” ittihamından günahkar tanınaraq, 7 ay həbs cəzasına məhkum edilmişdi.

Bundan əvvəl təqaüdçü olan culfalı müəllim noyabrın 10-da şəhərin İnqilab Məhkəməsində ona qarşı irəli sürülən sistemə qarşı təbliğat aparmaq ittihamından özünü müdafiə etmişdi.

Hazırda İranda 15 müəllim və təqaüdə çıxan müəllim həmkarlar ittifaqı fəalının həbsxanada saxlanıldığı bildirilir.

SEE ALSO: Siyasi məhbus Zeynəb Həmrəng müalicə üçün məzuniyyət hüququndan məhrum edilir

Digər Azərbaycanlı təqaüdçü müəllim, həmkarlar ittifaqı fəalı olan Zeynəb Həmrəng Tehranın Evin Həbsxanasında 6 illik həbs cəzasını çəkməkdədir.

Son həftələr ərzində müəllimlər İran Azərbaycanının bir çox böyük şəhərində, o cümlədən Təbriz, Urmiyə və Zəncan da daxil olmaqla İranın digər şəhərlərində dolanışıq şəraiti və maaşlarının az olmasına qarşı etiraz mitinqləri keçiriblər. Etiraz mitinqlərində iştirak edən müəllimlər “maaşların tənzimlənməsi” layihəsinin dərhal tətbiq edilməsini tələb ediblər.