Böyük karvan Mariupoldan təhlükəsiz şəkildə Zaporojiyaya çatıb

Rusiyanın işğalından qaçan insanlar Zaporojiyadakı məcburi köçkünlər mərkəzində yerləşdirilir

Mariupoldakı dağıntılarından qaçqınları daşıyan avtomobil və furqonlardan ibarət böyük karvan bazar günü təhlükəsiz şəkildə Ukraynanın nəzarətində olan Zaporojiya şəhərinə gəlib. Karvan günlərlə Rusiya qüvvələrinin onlara ərazini tərk emətə icazə verməsini gözləyirdi.

80 günə yaxındır davam edən müharibədə Mariupol demək olar ki, tamamən dağılıb və Rusiyanın nəzarətindədir. Ukrayna iki aydan çoxdur ki, dağıdılmış şəhərdən dinc sakinləri tədricən təxliyə etməyə çalışır.

Qaçqınlar əvvəlcə Mariupoldan çıxmalı, sonra isə birtəhər 80 km yol qət edərək Berdyansk və digər yaşayış məntəqələrinə və daha sonra 200 kilometr şimal-qərbdə yerləşən Zaporojiyaya çatmalı idilər.

74 yaşlı təqaüdçü Nikolay Pavlov bildirib ki, mənzili dağıldıqdan sonra bir ay zirzəmidə yaşayıb. "Gizli, dolama yollardan" istifadə edən qohumu onu Mariupoldan Berdyanska apara bilib.

"Biz çətinliklə bacardıq, aramızda çoxlu yaşlı insanlar var idi... səfər olduqca çətin oldu. Amma buna dəyərdi" - deyə, o, karvan şəhərə çatdıqdan sonra bildirib.

Mariupol merinin köməkçisi daha əvvəl bildirmişdi ki, karvanda 500-dən 1000-ə qədər avtomobil var. Bu, fevralın 24-də Rusiyanın işğala başlamasından sonra həyata keçirilmiş ən böyük evakuasiyadır.

63 yaşlı İrina Petrenko deyib ki, o əvvəlcə 92 yaşlı anasına qulluq etmək üçün şəhərdə qalsa da, sonra o, dünyasını dəyişib.

"Onu evinin yanında dəfn etdik, çünki heç kimi basdırmağa yer yox idi" deyən İrina bildirib ki, Rusiya hakimiyyəti bir müddət çoxlu sayda avtomobilin çıxmasına icazə verməyib.

Mariupoldakı nəhəng Azovstal polad zavodu uzun sürən döyüşdən sonra hələ də ukraynalı döyüşçülərin əlindədir.

"Valideynlərimin evi hava zərbəsinə məruz qaldı, bütün pəncərələri dağıldı" deyən 27 yaşlı Yulia Panteleevanın ailə üzvləri itkin düşənlər arasındadır. "Evdə qalsaq, başımıza gələ biləcək şeyləri təsəvvür etmirəm" - deyə, o bildirib.

Moskva Ukraynanı tərksilah etmək və onu anti-Rusiya millətçiliyi kimi adlandırdığı şeylərdən təmizləmək üçün apardığı müharibəni hələ də "xüsusi hərbi əməliyyat" adlandırır.

Ukrayna və Qərb Rusiyanın əsassız müharibəyə başladığını bildirir.