“Mühacirlər” filminin müəllifi Laçın Məmişov Amerikanın Səsinə müsahibəsində Azərbaycandan siyasi mühacirətə getmiş şəxslərin həyatından danışır.
“Mühacirlər” filminin ssenarisi və əsas süjeti Azərbaycandan son illərdə təzyiqlərə məruz qalaraq Avropa ölkələrində sığınacaq almış vətəndaşlardan bəhs edir. Film 18 siyasi mühacirin həyatını əks etdirəcək. Ümumilikdə siyasi mühacir statusu almış azərbaycanlıların sayı dəfələrlə çoxdur”, o qeyd edib.
Film 17 bölümdən ibarət olacaq. “Bir bölümdə iki qəhrəmandan bəhs olunacaq. Onlar Zivər Əhmədbəyovun nəvələridir. Onlar Azərbaycanda müsibətlər çəkib, təhdidlərlə üz-üzə qalıb. Emin Əhmədbəyov həbs olunub. Ailənin çətin həyat hekayəsi var”, L.Məmişov bildirib.
Filmdə Azərbaycanda insanların mühacirətə getməsinin səbəbləri geniş əks olunub. “Mühacirlik ağır bir həyatdır. Təsəvvür edin, siyasi mühacir Həbib Müntəzir anasının dəfnində iştirak etmək üçün Azərbaycana gələ bilmədi. Fəxri Hacıbəyov atasının dəfnində iştirak edə bilmədi”.
O hazırda həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin oğluna istinadən deyib ki, “bu gün siyasi mühacirətlə həbsin arasında elə də böyük fərq yoxdur. Təbii ki, o adam üçün ki, onlar doğrudan da siyasi mühacirdirlər. Mən Avropada elə siyasi mühacirlər də görürəm ki, onlar status alandan sonra siyasətə qarışmadığını bildirir”.
Məmişov filmin birinci bölümünün siyasi mühacir İnqilab Kərimovdan bəhs etdiyini deyib. “Bəlkə də bəziləri düşünür ki, o Fransada yaşayır, orada kef edir. Filmdə faktlarla, xronikalarla tam açmışam ki, İnqilab Kərimovun başqa seçimi olmayıb. O cümlədən, Qənimət Zahiddir, İsa Sadıqovdur, Məryəm Məmmədovadır (mərhum Novruzəli Məmmədovun həyat yoldaşı). Bu insanların başqa seçimi qalmayıb. Amma, İntiqam Əliyevə Praqada olarkən qalmaq təklif edilib, o bunu seçməyib. İntiqam müəllim hazırda həbsdədir”.
O hesab edir ki, bir çox siyasi mühacirlər ölkədə söz azadlığının dərinləşməsinə böyük töhfə verir. “Bu insanlar siyasi mühacirətdə daha çox fayda verir nəinki Kürdəxanı Elmlər Akademiyasında (Kürdəxanı təcridxanası nəzərdə tutulur - red) həbsdə ömürlərini çürütməklə”, o qeyd edib.