"Kövrək qələbə": Qlazqo COP26 Sammitində İqlim Paktı əldə edilib

Your browser doesn’t support HTML5

"Kövrək qələbə": Qlazqo COP26 Sammitində İqlim Paktı əldə edilib

Şənbə günü COP26 sammitinin sonunda 200-ə yaxın ölkə Qlazqo İqlim Paktı imzalayıb və iqlim dəyişikliyi ilə mübarizədə fəaliyyəti sürətləndirməyi vəd edib. Bununla belə, Çin və Hindistanın son andakı təzyiq nəticəsində mədən yanacaqların tədricən ləğvi ilə bağlı əsas vədlər reallaşmayıb.

197 ölkə, nəhayət, fəlakətli iqlim dəyişikliyinin qarşısının alınmasına yönəlmiş saziş üzərində razılığa gəlib. Sammitin prezidenti bunu “kövrək qələbə” kimi qiymətləndirib.

“Burada, Qlazqoda tarix yazılıb. Və indi biz nəyi təmin etməliyik: növbəti addımda Qlazqo iqlim paktında təntənəli şəkildə birlikdə götürdüyümüz öhdəliklərin uğuru görünsün” - deyə, COP26-nın prezidenti Alok Şarma bildirib.

Qlobal istiləşməni sənayedən əvvəlki səviyyədən 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq məqsədi ilk dəfə 2015-ci ildə qoyulmuşdur və bu, Qlazqo razılaşmasının əsas sütunu olaraq qalır.

İqlim paktında ilk dəfə olaraq, mədən yanacaqlarının dayandırılmasına çalışılsa da, bir çox nümayəndənin məyusluğuna baxmayaraq, Hindistan və Çinin təzyiqi son anda qərarı yumşaltdı.

“İnkişaf etməkdə olan ölkələrin kömür və mədən yanacaq subsidiyalarını mərhələli şəkildə dayandırmaq barədə vədlər verə biləcəyini necə gözləmək olar? İnkişaf etməkdə olan ölkələr hələ də öz inkişaf gündəmləri və yoxsulluğun aradan qaldırılması ilə məşğul olmalıdırlar” - deyə, Hindistanın Ətraf Mühit Naziri Bhupender Yadav bildirib.

Beləliklə, yekun mətndə nə imzalandı? Bütün ölkələr növbəti il əvvəlki beş illik dövrə nisbətən daha tez emissiyaların azaldılması üzrə təkmilləşdirilmiş hədəflərlə geri qayıtmağa razılaşıblar.

Onlar kömür və mədən yanacağından imtina etmək əvəzinə, mərhələli şəkildə azaltmaq barədə razılağa gəlib.

Zəngin ölkələr iqlim dəyişikliyinə uyğunlaşmaq və iqtisadiyyatlarını karbondan təmizləmək üçün yoxsul ölkələrə ödəyəcəkləri vəsaiti - iqlim maliyyəsi üzrə öhdəliklərini artırmağa razılaşıblar.

Razılaşmada daha zəngin dövlətlərin inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyindən dəyən itki və zərəri kompensasiya etmək kimi yeni məsələ də var.

Beynəlxalq karbon bazarları haqqında saziş var idi ki, onun əsasında CO2 emissiyası üzrə kvotalar və ya kreditlər ölkələr arasında ticarət edilə bilər. Və meşələrin qırılmasının və metan tullantıların azaldılması ilə bağlı ayrıca razılaşmalar var idi.

Razılaşma kompromis idi - bəziləri bunu könülsüz etsə də, 197 nəfərin hamısı sənədi imzalayıb. Bu kifayətdirmi? Rəylər çox fərqlidir.

“İqlim xaosundan qaçmaq və daha təmiz hava, daha təhlükəsiz su və daha sağlam planeti təmin etmək üçün əslində əvvəlkindən daha yaxınıq” - deyə, ABŞ-ın İqlim Dəyişikliyi üzrə Xüsusi Elçisi Con Kerri bildirib.

“Təsdiq olunmuş mətnlər kompromisdir. Onlar bu gün dünyada mövcud olan maraqları, şərtləri, ziddiyyətləri və siyasi iradənin vəziyyətini əks etdirir. Onlar mühüm addımlar atırlar, lakin təəssüf ki, bəzi dərin ziddiyyətləri aradan qaldırmaq üçün kollektiv siyasi iradə kifayət etmədi” - deyə, BMT-nin Baş katibi Antonio Quterreş qeyd edib.

“Yaxşı, məncə, bu, həlim və zəifdir. Ancaq bu, kömürün bitməsi siqnalını verir. Deməli, bu yaxşı haldır. Amma bu, indiki məqama uyğun gəlmir” - deyə, “Greenpeace”in Beynəlxalq İcraçı Direktoru Cennifer Morqan bildirib.

Zirvə toplantısının yaxınlığında iqlim fəalları hisslərini açıq şəkildə ifadə ediblər. Bəziləri isə sammitdəki baryerləri aşmağa çalışarkən həbs olunub.

İki həftəlik gərgin danışıqlardan sonra nümayəndələr indi evə yollanıb. Növbəti böyük mərhələ 2022-ci ildə Misirin Şarm-əş-Şeyx şəhərində keçirilməsi planlaşdırılan COP27 iqlim sammitidir.