Qırğızıstan Tacikistanı Batken hava limanını raket atəşinə tutmaqda ittiham edib

Qırğızıstan Tacikistanı Batken hava limanını çoxsaylı raket atəşinə tutmaqda ittiham edib. Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd xidmətinin Teleqram kanalında məlumat verilib.

"Batken hava limanının ətrafı və şəhərin kənarındakı obyektlər Tacikistanın reaktiv yaylım atəşinə məruz qalıb", nazirliyin bəyanatında deyilir.

Şəhərin mülki infrastrukturuna ziyan dəyib. Tacikistan rəsmiləri məsələyə hələ münasibət bildirməyib.

Qırğızıstanla Tacikistan sərhədində silahlı toqquşmalar davam edir. Bişkek Düşənbəni razılaşmaları pozmaqda və “xain hücumda” ittiham edib. Düşənbə də öz növbəsində qırğız əsgərlərinin bir sıra tacik yaşayış məntəqələrini atəşə tutduğunu bildirib. Qırğızıstan Xarici İşlər Nazirliyi Tacikistana etiraz notası təqdim edib.

Qırğızıstanla Tacikistan arasındakı bütün dövlət sərhədi boyunca silahlı toqquşmalar baş verir. Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd xidməti məlumat yayıb. İdarənin mətbuat xidmətinin məlumatına görə, Tacikistan tərəfi Batken vilayəti Leylek rayonunun Kulundu, Maksat və Janı-Jer ərazilərini atəşə tutmağa başlayıb. Məlumatda sərhədçilərin cavab atəşi açdığı bildirilib.

“Azadlıq” radiosunun Qırğızıstan xidməti xəbər verib ki, yerli sakinlər Qırğızıstanın sərhədyanı Batken vilayətinin kəndlərindən təxliyə edilir.

Tacikistan Dövlət Milli Təhlükəsizlik Komitəsinin sərhəd qoşunları da öz növbəsində münaqişənin başlanmasında Qırğızıstan tərəfi günahlandırıb. Onların sözlərinə görə, səhər saat 4:50 radələrində qırğız sərhədçiləri ağır silahlardan istifadə etməklə, “Düşənbə” sərhəd zastavasını atəşə tutub.

“Bununla yanaşı, Qırğızıstan hərbçiləri ağır silahlardan istifadə etməklə Qafurov rayonunun Xocay Alo, Kummazor, Surx, Somonyen, Kulkənd, İsfara, Xistevərz, Ovçikalaça və Bobojon yaşayış məntəqələrinə silahlı basqın edib.” Bu barədə “Xovar” agentliyi Tacikistan sərhəd qoşunlarına istinadən məlumat yayıb.

Tərəflər atəşkəs razılaşmasına baxmayaraq, bir-birini sərhəddə atışmaların davam etdirməkdə ittiham edir.