Mənbələr Kyivlə Moskva arasında enerji obyektlərinə hücumların dayandırılması ehtimalı ilə bağlı danışıqların aparıldığını bildirir

Financial Times-ın (FT) anonim mənbələrə istinadən xəbər verdiyinə görə, Ukrayna və Rusiya bir-birlərinin enerji obyektlərinə hava zərbələrinın dayandırılmasının mümkünlüyü ilə bağlı danışıqlara başlayıb.

Xüsusən də Ukraynanın yüksək rütbəli rəsmilərinə istinadən nəşr çərşənbə axşamı bildirib ki, Ukrayna avqust ayında razılaşmaya yaxınlaşan və Qətərin vasitəçiliyi ilə aparılan danışıqları bərpa etməyə çalışır. Danışıqların Ukrayna ordusunun Kursk vilayətinə müdaxiləsi səbəbindən dayandırıldığı iddia edilir.

Financial Times danışıqların gedişi barədə məlumat verən diplomatdan sitat gətirib. "Danışıqlar indi mümkün bərpa ilə bağlı çox erkən mərhələdədir. Hazırda enerji obyektləri ilə bağlı danışıqlar aparılır" məqalədə deyilib.

Bu hesabatla bağlı sualı cavablandıran Kremlin sözçüsü Dmitri Peskov hətta ən nüfuzlu mediada belə "reallıqla heç bir əlaqəsi olmayan" çox sayda saxta xəbərlərin olduğunu bildirib.

Ukrayna prezidenti Volodimir Zelenskinin ofisi və hər iki ölkənin hərbi idarələri Reuters xəbər agentliyinin şərh sorğusuna cavab verməyib.

Xatırladaq ki, müharibə zamanı Ukraynanın enerji potensialının əhəmiyyətli hissəsi Rusiya qoşunları tərəfindən ya məhv edilib, ya da ələ keçirilib və bu, Kyivi atom elektrik stansiyalarına və Avropadan enerji idxalına məcbur edib.

Avropa Komissiyasının sədri Ursula Von Der Leyen sentyabr ayında Rusiyanın Ukraynanın enerji infrastrukturunun imkanlarının təxminən yarısını sıradan çıxardığını deyib.

Von Der Leyen Avropa İttifaqı tərəfindən maliyyələşdirilməsi təklif olunan təmir işlərinə toxunaraq, ittifaqın 2,5 GW gücü bərpa etməyi hədəflədiyini və bunun ölkənin ehtiyaclarının təxminən 15% -ni təşkil etdiyini bildirib.