Kutna Hora şəhərinin St. Barbara katedralı
Your browser doesn’t support HTML5
Qotik dövrün incilərindən sayılan və Bohemiyadakı dörd katedral tipli binadan biri olan Müqəddəs Barbara Katedrali YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilib. Çexiyanın Kutná Hora şəhərinin mərkəzində yerləşən bu kilsənin quruluşunun əzəməti hər il bura minlərlə tursist cəlb edir. Kilsə ehtiyac sahiblərinə kömək edən müqəddəs Barbaraya, həmin dövrdə gümüş mədənləri ilə məşhur olan Kutna Horada təhlükəli peşələrdən sayılan mədən işçilərinin sahiblərinə həsr edilib.
Əslində isə çiçəklənən orta əsr şəhərlərinə, həmçinin müqəddəs qoruyucularına həsr etdikləri kilsənin inşasına ən çox töhfə verən elə mədən işçiləri idi.
1388-ci ildə tikilməyə başlansa da, bir neçə dəfə inşasına ara verilib, 1905-ci ilə qədər inşası tamamlanmayıb. Orijinal dizayna əsasən bina indikindən də iki dəfə böyük ölçüdə olmalı idi. Lakin tikinti üçün ayrılan pul gümüş mədənlərinə bağlı olduğundan binanın dizaynı dəyişdirilib.
16-cı əsrin ortalarında Kutná Hora mədənlərində gümüş tükənəndə tikinti işləri müvəqqəti dayandırılıb. Sonrakı əsrlərdə, müxtəlif aralıqlarla yenidənqurma işləri görülüb. Kilsə əsasən qotik üslubda tikilsə də, sonrakı dövrlərdə xüsusən barokko üslubunda dəyişikliklər əlavə edilib. Katedralin bugünkü görünüşü, kilsənin geniş şəkildə yenidən qurulması və tamamilə bərpa edilməsi 19 və 20-ci əsrlərə təsadüf edir.