Təbrizdə keçirilən ''Qarabağa dəstək" mitinqində iştirakçıların həbs edilməsi ilə bağlı azərbaycanlı fəal Siyamək Kuşi həbs edildiyi zaman polis qüvvələrinin rəftarı və təcridxananın şəraitini Amerikanın Səsi ilə müsahibədə izah edib.
Your browser doesn’t support HTML5
İran Azərbaycanının Təbriz şəhərində yaşayan milli fəal Siyamək Kuşi bazar günü Təbrizdə keçirilən mitinqdə polis qüvvələri tərəfindən tutularaq həmin idarənin Ettellat organının təcridxanasına köçürüldüyünü söyləyib.
Siyamək Kuşi Təbrizdə ''Qarabağa dəstək" mitinqində xalqın şüar səsləndirdiyi zaman çevik qüvvələrin iştirakçılara tərəf hücum edərək onları həbs etdiyini, həmin vaxt özü də polis qüvvələri tərəfindən saxlanıldığını söyləyib.
O, saxlanılaraq öncə polis təcridxanasına, daha sonra Təbrizin Saib küçəsindəki Ettelaat bölməsinin təcridxanasına köçürüldüyünü deyib.
Kuşi özünün müvəqqəti olaraq sərbəst buraxılması haqda deyib ki, “Atamın 100 milyon tümənlik vəsiqə qoydu. Onun qarşılığında müvəqqəti olaraq məni sərbəst buraxdılar. Şəxsi əşyalarımızı geri vermədilər. Dedilər ki, məhkəmə iclasında hakim qərar verdiyi təqdirdə əşyalarınızı geri verəcəyik.”
O, hələ həbsdə olan bir çox vətəndaşın vəsiqə təmin edə bilmədiyi üçün həbsdə saxlanıldığını deyib. Kuşi sorğu-suala çəkildiyi zaman müstəntiqlərin məhbusları çox ağır şəkildə döydüklərini və ailələrinə təhqir sözləri dediklərini söyləyib.
“Mənimlə birgə tutulanlar əksər gənc və azyaşlı uşaqlar idi və onların sayı 30 nəfərdən çox idi. Bizi gecə vaxtı həyətdə saxladıqları zaman 10 nəfərdən çox həbs edilmiş qadın gördük, onları gözü bağlı şəkildə gətirib başqa bir binya apardılar,” Siyamək Kuşi öz müşahidələrini paylaşıb.
Milli fəalın dediyini görə, 30 kişi və 10 nəfərdən çox qadın vətəndaş polis qüvvələri tərəfindən Qarabağa dəstək mitinqi zamanı həbs edilib. O həmçinin digər orqanlar o cümlədən İslam İnqilabı Qvardiyasının təhlükəsizlik qurumu və Kəşfiyyat Nazirliyinin təhlükəsizlik qüvvələri tərəfindən bir çox vətəndaşın həbs edildiyini təxmin edir.
Siyamək Kuşi həbs olduğu zaman qida və sağlamlıq durumunun çox pis olduğunu hətta təcridxana məmurlarının onlara bir bardaq su belə vermədiklərini deyib. “Biz orada qaldığımız iki günə yaxın müddətdə bir bardaq su belə verilmədi, əllərimizi yumaq üçün sabun belə yox idi. Hər kəs ki, yemək istəyirdi təcridaxana otağından çıxarıb ağır şəkildə döyürdülər.”