ABŞ-ın xüsusi nümayəndəsi Kurt Volker şənbə günü bildirib ki, Krım tatarlarının fəallarının azad edilməsi Moskvanın Ukraynanın şərqində münaqişənin həllində “pozitiv addımlara” hazır olduğuna işarə ola bilər.
Krımda məhkum olmuş Krım tatarlarının Məclisinin nümayəndələri Axtem Çiygöz və İlmi Umerov bu həftə azad edilərək Türkiyəyə təhvil verilib. Krım tatarlarının tanınmış fəallarından biri olan Mustafa Cemilovun bildirdiyinə görə, Çiygöz və Umerov əvvəlcə Simferopola gətirilib, sonradan isə təyyarə onları Anapaya və oradan Ankaraya aparıb.
Krım tatarlarının fəallarının azad edilməsinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynana səfəri zamanı əldə olunmuş razılışma sayəsində mümkün olduğu deyilir.
“Onların azad edilməsi pozitiv bir siqnal oldu”, Kurt Volker Kiyevdə Reuters xəbər agentliyinə müsahibəsində bildirib. ABŞ-ın xüsusi nümayəndəsi Kiyevdə Çiygöz və Umerovla görüşüb.
Volker bundan öncə Kremlin nümayəndəsi Vladislav Surkovla danışıqlar aparıb. Onun sözlərinə görə, görüş konstruktiv olub, lakin hələ seziləcək nəticələr verməyib.
“Biz münaqişənin həllində sülhməramlı qüvvələrin hansı şəkildə istifadə edilə bilməsi ilə bağlı ümumi fikirlərlə çıxış edə bilib-bilməyəcəyimizi anlamağa çalışırıq”, Kurt Volker bildirib.
Xüsusi nümayəndənin fikrincə, bu, sülhməramlı qüvvələrə daha geniş səlahiyyətlər və onların regionun bütün ərazilərində fəalliyyət göstərməsinə imkan verildiyi halda effektiv ola bilər.
Kurt Volker Rusiyanı Donbasda münaqişənin davam etdirilməsinə dəstək verməkdə günahlandırıb, lakin o əlavə edib ki, Moskvada artıq aqressiv siyasətin davam etdirilməsinin Kremlin maraqlarına uyğun olmadığını başa düşməyə başlayıblar.
“Rusiya indiyə qədər bu ərazini saxlayaraq, münaqişəyə dəstək verməklə bununla Ukraynaya təzyiq vasitəsi əldə edəcəyinə ümid edirdi. Amma reallıqda mənə elə gəlir ki, bunun tam əksi oldu. Bunun nəticəsində birliyin daha güclü olduğu, millətçi ruhun daha da gücləndiyi, Rusiya əleyhinə əhval-ruhiyyənin daha da artdığı və daha da çox Qərbə üz tutan bir Ukrayna yarandı”, Kurt Volker bildirib.
O həmçinin deyib ki, Birləşmiş Ştatlar Kiyevə öz ərazisini müdafiə etmək məqsədilə hərbi texnika və ölümcül silahların verilməsi məsələsini aktiv şəkildə nəzərdən keçirir.
“Bu o qədər də mübahisəli məsələ deyil”, Volker bildirib və əlavə edib ki, bu silah Ukraynaya yalnız “ özünümüdafiə” üçün lazımdır.