Kuba iqtisadi və COVID böhranı ilə bağlı etirazlarla üzləşib

Minlərlə Kuba sakini bazar günü son onilliklərdə hökumət əleyhinə ən böyük nümayişdə iştirak edib. Onlar iqtisadi böhranla və hökumətin koronavirus pandemiyasına verdiyi reaksiya ilə əlaqədar məyusluqlarını ifadə edib. Polislər həbslər edib, yürüşü dağıdana qədər etirazçılar paytaxt Havanada azadlıq və birliyə çağıran şüarlar səsləndirib.

Nümayişçilər Havana yaxınlığındakı San Antonio de los Banos da daxil olmaqla, ölkənin digər bölgələrində də toplaşıb ərzaq üçün uzun növbələr, elektrik kəsintiləri və dərman tədarükü ilə əlaqədar qəzəblərini dilə gətiriblər.

Kuba da koronavirus pandemiyasının ən pis mərhələsini yaşayır; səhiyyə rəsmiləri bazar günü 6923 yeni rekord yoluxma və 47 ölüm halı haqda xəbər verib.

Kuba Prezidenti Migel Diaz-Kanel San Antonio de los Banosu ziyarət edib və insanların məyus olduqlarını ifadə etmək üçün toplaşdığını qəbul edib, ancaq bu iğtişaşlara görə "Kuba-Amerika mafiyası" sosial media kampaniyasını günahlandırıb.

O həmçinin keçmiş prezident Donald Tramp dövründə Kubaya qarşı ticarət embarqosunu yenidən tətbiq edən ABŞ-ı günahlandırıb. Diaz-Kanel tərəfdarlarını “təxribatlara” uymamağa çağırıb.

ABŞ rəsmiləri hökumət əleyhinə nümayişçilərə dəstək bildirib və zorakılığa qarşı xəbərdarlıq edib.

"Kuba xalqı artan COVID halları / ölümləri və dərman çatışmazlığı ilə əlaqədar narahatlıqlarını ifadə etmək üçün dinc toplaşmaq hüquqlarından istifadə edir. Kubada dinc etirazlar artır" - deyə, Qərb Yarımkürəsi işləri üzrə dövlət katibinin köməkçisi vəzifəsini icra edən Culi Çanq bildirib.

ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Salivan Çanqın tvitini paylaşaraq, öz tvitində ABŞ-ın “Kuba daxilində ifadə və sərbəst toplaşmaq azadlığını dəstəklədiyini və universal hüquqlarını həyata keçirən dinc nümayişçilərə qarşı hər hansı bir zorakılıq və təqibi ciddi qınayacağını” əlavə edib.

ABŞ-la əlaqələrə görə məsul olan Kuba rəhbərliyininin nümayəndəsi Karlos Fernandez de Kossio ABŞ Dövlət Departamentini və onun rəsmilərini “Kubada sosial və siyasi qeyri-sabitliyi təşviq etməkdə” günahlandırıb və “vəziyyətlərinə görə riyakar narahatlıq ifadə etməkdən çəkinmələri lazım olduğunu” deyib. O, bazar günü Twitter-də "Kuba ABŞ-ın əksinə olaraq dinc bir ölkədir və dinc olmaqda davam edəcək" yazıb.