Krımda bir ukraynalı casusluq ittihamı ilə saxlanıb

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) bildirir ki, Moskvanın nəzarətində olan Krımda bir ukraynalı casusluq ittihamı ilə saxlanıb.

FSB fevralın 12-də yaydığı bəyanatda Kostantin Davidenkonun bir gün öncə saxlandığını bildirib.

Bəyanata görə, Davidenko FSB və Rusiya Milli Qvardiyasına aid məxfi informasiyanı qanunsuz toplamaqda şübhəli bilinir. Onun həmin informasiyanı Ukrayna hakimiyyətinə ötürməyi planlaşdırdığı iddia olunur.

İnsan haqları fəallarının bildirməsinə görə, Rusiya Ukraynanın Krım regionunu 2014-cü ilin martında ilhaq edəndən xeyli sayda ukraynalını qondarma, siyasi motivli ittihamlarla saxlayıb.

Avropa Parlamenti 2017-ci ilin martında Rusiyanı 30-dan çox Ukrayna vətəndaşını azadlığa buraxmağa çağırırdı. Onlar Rusiyada, Krımda, yaxud Ukraynanın şərq hissəsində ya həbsdədir, ya da azadlığı məhdudlaşdırılıb.

Siyahıda kinorejissor Oleh Sentsov, reportyor Roman Suşçenko, Krım tatar azlığının bir neçə lideri var.