Azərbaycan üçüncü peykini orbitə çıxaracaq

Kosmik peyk

Azərbaycanın növbəti “Azerspace-2” peykinin 2018-ci ilin aprel ayında orbitə çıxarılması nəzərdə tutulur. Bu barədə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyev bildirib.

Onun sözlərinə görə, orbitə çıxarılması məqsədilə peykin və daşıyıcı raketin hazırlanması üzrə işlər qrafikə uyğun davam etdirilir.

Azərbaycanın hazırda orbitdə “Azerspace-1” və “Azersky” adlı iki peyki var.

Nəbiyevin firkincə, “Azerspace-2” hazırkı əhatə zonasını genişləndirməklə yanaşı, “Azerspace-1”in orbitdəki ehtiyatı olacaq, bu da müştərilərə daha etibarlı xidmət göstərmək imkanı verəcək.

“Azerspace-2” peyki orbitə buraxılmamış onun tutumlarının 46 faizi artıq “İntelsat” şirkətinə satılıb”, o qeyd edib.

"Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədrinin dediyinə görə, Azərbaycanın xarici dövlətlərin peyklərindən asılılığı aradan qaldırılıb və “Azerspace-1” ölkənin informasiya təhlükəsizliyinin vacib komponentinə çevrilib.

“Azerspace-1” peyki ilə yanaşı, “Azersky” da suverenliyimizin qorunması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanlara malikdir. 2015-ci ildən etibarən “Azersky” peyki ölkənin müdafiə və təhlükəsizliyi üçün davamlı istifadə edilir, həmçinin işğal olunmuş ərazilərimizdə törədilmiş yanğınların mütəmadi olaraq monitorinqi və dəymiş ziyanın qiymətləndirilməsi aparılır. Bundan başqa, ötən il Kəlbəcər və Zəngilan rayonları ərazisində yerləşən filiz yataqlarının kosmik monitorinqi həyata keçirilib və hasilat sahələrində baş vermiş genişlənmələr aşkar edilib”.

Nəbiyev bildirib ki, dünyanın 25-dən çox ölkəsində sabit müştəri bazasına malik olan “Azerspace-1” peyki üzərindən Azərbaycan, türk, rus, ingilis və digər dillərdə, yerli və beynəlxalq səviyyəli, ümumilikdə, 100-ə yaxın televiziya və radio kanalı yayımlanır.

“Bu gün Reuters, MTV, National Geographic kimi media nəhəngləri peyk xidmətləri üzrə biznes-tərəfdaş olaraq bizi seçir”, “Azərkosmos”-un sədri deyib.