Milyonları mənimsəyənlər həbs edilib

Rüşvət

Azərbaycanın Kürdəmir rayon Mollakənd-Axtaçı-Öylənqulu avtomobil yolunun tikintisi zamanı“Avtotransyol” MMC sədri Əfqan Zeynalov, Kürdəmir rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Şərif Əsgərovla əlbir olaraq, 2 milyon 161 min manat dəyərində işin yerinə yetirilməsi haqda saxta sənədlər tərtib edərək dövlət vəsaitini mənimsəyib.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırma nəticəsində müəyyən edildib ki, yol tikintisində işin keyfiyyətli görülməməsi nəticəsində yolun bir hissəsinin dağılması ilə dövlətə daha 143 min manat ziyan vurulub. Dövlətə belə ziyanlar vurmalarına şübhələr yarandığı üçün Ə.Zeynalov və Ş.Əsgərova Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmək), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham elan edilib.

Hər iki şəxs barəsində həbs-qətimkan tədbiri seçilib, iş üzrə istintaq tədbirləri davam edir.

2012-ci il martın 7-də dövlət başçısı İlham Əliyevin sərəncamı ilə adı çəkilən yol tikintisi üçün 3 milyon manat vəsait ayrılıb. 28 kilometrlik yol rayonun 14 min əhalisi yaşayan 13 kəndini birləşdirir. Yol tikintisi bu ilin fevralında başa çatıb.

2014-cü ilin noyabrında Hesablama Palatası bu yol tikintisində işlərin yararsız görülməsi, maliyyə pozuntularına yol verilməsilə dövlətə külli miqdarda ziyan vurulması ehtimalını nəzərə alaraq, materialları Baş Prokurorluğa göndərmək haqda qərar qəbul edib