Şəki Aqroservis filialında 844.636 manat mənimsəmə

Rüşvət

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şəki rayon Aqroservis filialının müdiri Rafim Qurbanov həbs edilib
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şəki rayon Aqroservis filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə aparılmış istintaqla cəmiyyətin Şəki rayon Aqroservis filialının müdiri Rafim Qurbanovun ümumilikdə 66 nəfər kənd təsərrüfatı məhsullarının istehsalçılarının adlarına onların məlumatı olmadan mineral gübrələrin güzəştli şərtlərlə satışını rəsmiləşdirməsi, lakin həmin mineral gübrələri ayrı-ayrı fiziki və hüquqi şəxslərə sataraq əldə olunmuş 789 min 512 manat məbləğində vəsaiti, həmçinin kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən aldıqları gübrə üçün ona verilmiş 55 min 124 manat məbləğində vəsaiti müəssisənin xəzinəsinə mədaxil etməyərək mənimsəməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.