Qubad İbadoğlu: Gömrükdə 30 milyard dollardan çox uçotdan, 11,5 milyard dollar büdcədən yayınma olub

Qubad İbadoğlu

İqtisad elmləri doktoru Qubad İbadoğlu Milli Məclisin deputatı Vahid Əhmədovun son illərdə gömrük orqanları tərəfindən 20 milyard manat mənimsəmə halları olması ilə bağlı çıxışından sonra araşdırma yazısı ilə çıxış edib. İbadoğlunun facebook səhifəsində yaydığı məqaləni təqdim edirik.

Milli Məclisin üzvü Vahid Əhmədovun bu il Gömrük Komitəsi tərəfindən 1 milyard manata yaxın dövlət büdcəsinə əlavə vəsait daxil olub. Ancaq biz rüsumları və gömrük tariflərini artırmamışıq. Bəs bu qədər vəsait nəyin hesabına büdcəyə daxil olub sualına özünün verdiyi cavabın doğurduğu ictimai reaksiyanı nəzərə alaraq, bu sahədə uzun illər aparılan araşdırmanın müəllifi kimi münasibətimi sizinlə bölüşmək istərdim. Vahid müəllim deyib ki, “fikir verin, bir Gömrük Komitəsində kölgə iqtisadiyyatının, korrupsiyanın qarşısı alınmaqla dövlət büdcəsinə əlavə 1 milyard manat daxil olub. 27 ildir Azərbaycan müstəqil dövlətdir. Yeddi ilini atıram kənara. İldə bir milyarddan götürsən, 20 milyard manat yalnız gömrük komitəsindən mənimsənilib. Kimlər mənimsəyib, bu artıq hüquq-mühafizə orqanlarının işidir, onlar aydınlaşdırmalıdır”.

Rəsmi statistik məlumatların müqayisəsi əsasında hesablamalara görə 2003-2014-cü illər ərzində yalnız 16 ticarət tərəfdaşı üzrə idxal əməliyyatlarında qeydiyyatdan kənarlaşma 30 milyard 240 milyon 500 min dollar təşkil edib.

Güzgü statistikası əsasında aparılmış hesablamalar göstərir ki, Vahid müəllim açıqladığı rəqəmə düzəliş etməlidir. Belə ki, rəsmi statistik məlumatların müqayisəsi əsasında hesablamalara görə 2003-2014-cü illər ərzində yalnız 16 ticarət tərəfdaşı üzrə idxal əməliyyatlarında qeydiyyatdan kənarlaşma 30 milyard 240 milyon 500 min dollar təşkil edib. Beləliklə də 11 il üzrə orta illik kənarlaşma göstəricisi 2 milyard 749 milyon 227 min dollar olub. Bu isə o deməkdir ki, hər il orta hesabla 1 milyard 44 milyon dollar büdcədən yayındırılıb. Bu da 2002-2014-cü illərdə 11,5 milyard dollar (30 240,5 mln. vuraq 38%) vəsaitin büdcədən yayındırılması deməkdir, onu da bü günkü məzənnə ilə (11,5 mlrd. dollar vuraq 1.7 manat) hesablayanda 19 milyard 550 milyon manat edir.

Əslində Vahid müəllim, açıqladığı rəqəm düzdür, amma həmin rəqəm 20 ildə deyil, 11 ildə büdcədən kənarlaşmanı ifadə edir.


Buyurun qoşmadakı cədvələ baxın.( https://web.facebook.com/gubad.ibadoglu/posts/10215685567003941?comment_id=10215687646695932&notif_id=1541717266193661&notif_t=mentions_comment)

11 ölkə üzrə hesablama (Cədvəli facebook səhifəsində Qubad İbadoğlu təqdim edib)

Rəsmi qurumlar və hüquq mühafizə orqanları deputatın və iqtisad elmləri doktorunun qaldırdıqları məsləyə hələ şərh verməyib.