Hər il dekabrın 9-da dünyada Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Günü qeyd edilir.
Hər il 1 trilyon dollar vəsait rüşvət verilir
BMT-nin statistikasına görə, hər il 1 trilyon dollar vəsait rüşvət olaraq verilir və təxminən 2,6 trilyon dollar korrupsiya vasitəsilə oğurlanır. Bu da qlobal ÜDM-nin 5 faizinə bərabər bir məbləğdir.
Bu oğurluq, vəsaitlərin vacib olan ictimai xidmətlərə, o cümlədən səhiyyə, təhsil, infrastruktura yönəldirməsinə maneəçilik yaradır.
“Korrupsiya bütün cəmiyyətin sosial-iqtisadi inkişafına mane olan çox ciddi cinayət əməlidir. Heç bir ölkə, heç bir region, heç bir cəmiyyət korrupsiyadan immunitetə malik deyil. "Korrupsiyaya qarşı mübarizədə birləşin” devizi altnda həyata keçirilən korrupsiyaya qarşı mübarizə beynəlxalq kampaniya təhsilin, səhiyyənin, ədliyyə sisteminin, məhkəmələrdə ədalətin, demokratiyanın, rifah və inkişafın çiçəklənməsinə həsr olunub”, BMT-nin müraciətində deyilir.
Korrupsiya Qavrama İndeksində Azərbaycanın yeri
Xatırladaq ki, 2016-cı il üçün Korrupsiya Qavrama İndeksində (Corruption Perceptions İndex 2016) Azərbaycan 30 balla 176 ölkə arasında 123-cı sırada yer alıb.
Təşkilatın məlumatında bildirilir ki, hökumət 2016-cı ildə sahibkarlıq fəaliyyətinə əngəl törədən, o cümlədən korrupsiya halları üçün zəmin yaradan bir sıra problemlərin aradan qaldırılması üçün tədbirlər həyata keçirsə də, bu sahədə islahatların miqyasının genişləndirilməsinə ehtiyac var.
“İqtisadi sferada aparılmış islahatlar Azərbaycanın indeksdəki yerinə ümumilikdə müsbət təsir etsə də, ölkəmizin Korrupsiya Qavrana İndeksində (KQİ) mövqeyinin daha da irəliləməsi üçün yaxşı idarəçiliyin iki istiqaməti – demokratik idarəetmə və qanunun aliliyi sahələrində islahatların genişləndirilməsinə zərurət var. Şəffaf və hesabatlı fiskal siyasətin dəstəklənməsi də hökumətin korrupsiyaya qarşı mübarizə sahəsində siyasətinin səmərəliliyinin artırılması və ölkənin KQİ-də statusunun yaxşılaşmasına töhfə verə bilər”.
Məlumatda Azərbaycanın 2016-cı ildə korrupsiyaya qarşı mübarizəsində nailiyyətlərin və problemlərin qısa mənzərəsi verilib.
“Azərbaycan son illərdə dövlət xidmətlərinin göstərilməsi sahəsində korrupsiyanın aradan qaldırılması istiqamətində ciddi irəliləyişə nail olub. Bir pəncərə prinsipi əsasında 112 dövlət xidmətinin həyata keçirilməsini təşkil edən ASAN xidmət mərkəzləri yüksək standartlara cavab verən fəaliyyətini davam etdirərək bu xidmətlərin göstərilməsi prosesini daha da təkmilləşdirib”.
Təşkilat hesab edir ki, ötən il dövlət idarəetməsində korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş ən vacib islahatlardan biri də korrupsiya hüquqpozmaları barədə məlumat verən şəxslərin dövlət müdafiəsinin təmin edilməsidir.
Digər müsbət addım isə hökumətin “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nı qəbul etməsi olmuşdur.
2016-cı ildə bir sıra problemlər isə həllini tapmayıb.
“Vəzifəli şəxslərin gəlir bəyannamələrinin formasının hazır olmaması səbəbindən “Korrupsiyaya qarşı mübarizə” haqqında qanunda öz əksini tapmış - vəzifəli şəxslərin maliyyə xarakterli məlumatları təqdim etməsi haqqında tələb icra olunmayıb. Vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması haqqında qanun layihəsi hazır olsa da, hələki qəbul edilməyib. Kommersiya qurumlarının dövlət reyestri mövcud olsa da, bir sıra vacib məlumatların kommersiya sirri hesab edilməsi biznes mühitində şəffaflığa kölgə salır. Dövlət satınalmaları sahəsində şəffaflıq və hesabatlılığın kifayət qədər təmin olunmaması bu sahədə korrupsiya hallarının yaranmasına şərait yarada bilər. Satınalmalar üzrə Dövlət Agentliyinin ləğv olunmasından sonra bu sahədə qanunvericiliyin üzərində görülən işlər maraqlı tərəflər – sahibkarlar və vətəndaş cəmiyyəti institutları ilə məsləhətləşmələr aparılmadan həyata keçirilir.
Dövlət vəsaitlərinin ayrılması və xərclənilməsi prosesinin şəffaflığının daha da artırılması vacibdir. Qanunverici orqanda dövlət büdcəsinin layihəsinin müzakirəsinə maraqlı tərəflər daha çox cəlb edilməli, dövlət vəsaitlərindən istifadə edilməsinə ictimai nəzarət gücləndirilməlidir. Hesablama Palatasının səlahiyyətləri genişləndirilməli, büdcə vəsaitlərinin xərclənməsinin hesabatlılığının təmin edilməsində rolu artırılmalıdır.
Qrant qanunvericiliyinin sadələşdirilməsi üçün siyasi iradənin göstərilməsinə baxmayaraq, bu sahədə qanunuvericilik aktları daha da təkmilləşdirilməlidir. Vətəndaş cəmiyyətinin fəaliyyəti qarşısında hüquqi və bürokratik maneələrin aradan qaldırılması istiqamətində səylər davam etdirilməlidir”, məlumatda qeyd edilir.
Son illər korrupsiya halları məhkəmələrdə sübuta yetirilib
Xatırladaq ki, Azərbaycanda son illər bir sıra nazirliklərdə, o cümlədən keçmiş Milli Təhlükəsizlik, Rabitə və Yüksək Texnologiyalar nazirliklərində, banklardakı on milyonlarla korrupsiya halları məhkəmələrdə sübuta yetirilib. Həmin nazirliklərin, bankların çoxsaylı əməkdaşları həbs edilib. Eyni zamanda, beynəlxalq mediada Azərbaycanın yüksək vəzifəli məmurları və onların ailə üzvlərinin iştirakçısı olduğiehtimal edilən korrupsiyaəməlləri barədə məqalələr dərc olunmaqdadır.