Koronavirusun yeni variantı sərhədlərin bağlanmasına səbəb olub

Şotlandiyada COVID-19-un yeni növü olan Omikrona altı yeni yoluxma halı aşkar edilib. Şotlandiya hökuməti bazar ertəsi bildirib ki, şəxslərin virusa harada yoluxduğu hələ məlum deyil. Bəzi yoluxmaların səyahətlərlə deyil, virusun cəmiyyət aras;nda yayılması nəticəsində ortaya çıxa biləcəyi bildirilir.

Kanada bazar günü Omikrona iki yoluxma halının qeydə alındığını xəbər verib. Ontario Səhiyyə Naziri Kristin Elliott Ottavadakı yoluxmuş şəxslərin bu yaxınlarda Nigeriyaya getdiyini bildirib. Bu ölkə cənubi Afrika bölgəsində deyil.

Digər tərəfdən Niderlandın səhiyyə rəsmiləri də bazar günü bildiriblər ki, bu yaxınlarda Cənubi Afrikadan uçuşlarla ölkəyə gələn 13 nəfərdə koronavirusun yeni Omikron variantı qeydə alınıb.

Sərnişinlər cümə günü Amsterdama gəldikdən sonra koronavirus testi müsbət çıxan 61 nəfərlik qrupun tərkibində olub.

Virusun yeni variantı haqqında xəbərlər yayıldıqca İsrail və Mərakeş bazar günündən etibarən sərəhdlərini bütün xarici ziyarətçilər üçün bağlı elan edib.

Yaponiya isə çərşənbə axşamından etibarən səyahət qadağaları tətbiq etməyə başlayacaq. Üstəlik digər ölkələr də Afrikanın cənub bölgəsindən gələn şəxslər üçün səyahət mədudiyyətləri tətbiq etməyə başlayır.

Cənubi Afrika Prezidenti Kiril Ramafosa ölkəsinin səyahət qadağalarından "dərin məyus olduğunu" bildirib.

"Bu məhdudiyyətlər ölkəmizə və cənubi Afrikadakı qardaş ölkələrə qarşı tamamilə əsassız və ədalətsiz ayrı-seçkilikdir" deyən Cənubi Afrika lideri bildirib ki, “Səyahət qadağasının elmi əsası yoxdur və bu variantın yayılmasının qarşısını almaqda təsirli olmayacaq. Səyahət qadağasının səbəb olacağı yeganə şey təsirə məruz qalan ölkələrin iqtisadiyyatlarına daha çox zərər vurmaq və onların pandemiya ilə mübarizə səylərini, eləcə də pandemiyadan sonrakı inkişafını kölgə altına salmaqdır".

Ümumdünya Səhiyyə Təşkilatı isə sürətlə sərhədlərini bağlamaq üçün hərəkətə keçən ölkələri ehtiyatlı olmağa çağırıb.

"Omikronun Delta versiyası da daxil olmaqla, digər variantlarla müqayisədə daha sürətlə yayılıb-yayılmaması hələ aydın deyil" - deyə, ÜST-ün bazar günü yayımladığı bəyanatda bildirilib.

Bəyənatda deyilir ki, "Cənubi Afrikanın bu variantdan təsirlənən bölgələrində müsbət testlərin sayı artıb, lakin bunun Omikron və ya digər amillərlə əlaqəli olub-olmadığını anlamaq üçün epidemioloji tədqiqatlar aparılır. . . Hal-hazırda Omikron ilə əlaqəli simptomların digər variantlardan fərqli olduğunu göstərən heç bir məlumat yoxdur".

Variantla bağlı narahatlıq ABŞ, Kanada, Braziliya və bəzi Avropa İttifaqı ölkələri də daxil olmaqla, bir çox ölkəni Cənubi Afrika ölkələrindən səyahətləri məhdudlaşdırmağa və ya qadağan etməyə sövq edib.

ABŞ-ın baş epidemioloqu Antoni Fauçi bazar günü ABC televizisyasının "Bu Həftə" verlişində bildirib ki, yeni variantın "burada olması qaçınılmazdır".

"Sual budur ki, biz buna hazırıqmı? Və əgər nə vaxtsa burada aşkarlanarsa ümid edirəm ki, biz buna hazır olacağıq" - deyə, Fauçi bildirib.

Ağ Evdən verilən açılmada deyilib ki, Fauçi və Ağ Evin COVID-19-la Mübarizə Qrupunun üzvləri ABŞ Prezidenti Co Baydenə Omikronla bağlı yoluxmalar haqqında məlumat verib. Ağ Ev ABŞ-ın Omikronla mübarizə səyləri ilə bağlı yenilikləri bazar ertəsi elan edəcək.