Koronavirusu yaymaqda ittiham olunan AXCP fəalı 1 il azadlıqdan məhrum edildi

Your browser doesn’t support HTML5

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Məhəmməd İmanlı koronavirus yaymaqda ittiham olunaraq 1 il azadlıqdan məhrum edilib. Dekabrın 1-də Sabunçu rayon Məhkəməsində hakim Mirheydər Zeynalov onun haqqında belə hökm çıxarıb. Hakim bildirib ki, M.İmanlıya qarşı Cinayət Məcəlləsinin 139-1.1 (karantin rejiminin pozulması - xəstəliklərin yayılmasına səbəb olduqda) maddəsi ilə irəli sürülmüş ittiham məhkəmədə təsdiqini tapıb. Amma M.İmanlı ittihamı qəbul etmir və özünü təqsirli bilmir. O deyib ki, ittiham saxtadır, həbsinin yeganə səbəbi AXCP üzvü olması, ictimai-siyasi fəaliyyətidir. Məhəmməd İmanlının vəkili Əsabəli Mustafayev də hökmün ədalətsiz olduğunu düşünür. Vəkil bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək. Atası Ramiz İmanov da oğlunun təqsirsiz olduğunu deyir. Atası bildirib ki, oğlunu evdən çağırıb aparıblar, yazıblar ki, guya koronavirus idi, küçədə tutublar. Məhəmməd İmanlı bu ilin iyulunda Bakıda keçirilən orduya dəstək yürüşündən sonra həbs olunub. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş̧ zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub. Rəsmi qurumlar həbs edilənlərin sayı barədə məlumat verməsə də, hüquq müdafiəçiləri onların sayının yüzdən çox olduğunu güman edir. Noyabrın 16-da yürüşlə əlaqədar həbsdə olan 15 nəfər AXCP üzvündən 12-si ev dustaqlığına buraxılıb.