Azərbaycanda son sutkada koronavirusa 4189 yeni yoluxma faktı qeydə alınıb, 40 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4189 yeni yoluxma faktı qeydə alınıb, 2072 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan dekabrın 3-nə olan məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 40 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 133 733 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 81 234 nəfər müalicə olunaraq sağalıb, 1,510 nəfər vəfat edib, aktiv xəstə sayı 50 989 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17609, ötən müddət ərzində isə ümumilikdə 1 781 218 test aparılıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə tətbiq edilən karantin rejimi dekabrın 28-dək davam edəcək.

Noyabrın 19-da Nazirlər Kabineti koronavirusa yoluxma hallarının kəskin artmasını nəzərə alaraq karantin rejimini daha da sərtləşdirib.

Nazirlər Kabinetinin qərarına əsasən, dekabrın 28-dək Bakı metropoliteninin fəaliyyəti tam dayandırılıb, məktəblərdə tədris onlayn qaydada həyata keçirilir. Yoluxma riski yüksək olan bir sıra yaşayış məntəqələrinə giriş-çıxış qadağan edilib.

Dekabrın 28-dək ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Həmçinin şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla, digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburi hesab olunub. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib. 65 yaşdan yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunub.

Həmçinin özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara işçilərin say həddinin 30 faizədək azaldılması və digər əməkdaşların məsafədən iş rejiminə keçirilməsi tövsiyə edilib.