Yaponiyada kruiz gəmisindən evakuasiya edilən iki avstraliyalı ölkələrinə qayıdandan onlarda koronavirus aşkar edilib. Kanberra rəsmiləri Çindən gələn xarici turistlərin ölkəyə daxil olmalarına qoyulan qadağanı daha bir həftə uzadıb.
170 avstraliyalı Yaponiyanın Yokohama limanına yan alan "Diamond Princess" kruiz gəmisində iki həftədən çox karantində saxlandıqdan sonra bu həftə evinə qayıdıb. Testlərdən keçdikdən sonra iki nəfərin COVID-19-a yoluxduğu aşkar edilib. Rəsmilər yaxın bir neçə gün ərzində kruiz gəmisindən gələn insanlar arasında virusa yoluxanların sayının arta biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Milli İntensiv Terapiya və Travmatologiya Mərkəzindən Dr. Dayan Stifens virusa yoluxan iki xəstənin evlərinin yaxınlığındakı xəstəxanalara göndəriləcəyini deyib.
"Bu insanlarda yüngül soyuqdəymə simptomları var və onlar mütləq xəstəxana şəraitində olmalı deyillər, lakin rəsmilər COVID-19 karantin və təcrid prosedurlarını həyata keçirərkən xəstələr ev şəraitində deyil, xəstəxanada müalicə olunacaqlar" deyə, doktor Stifens bildirib.
Kruiz gəmisinin sərnişinləri Avstraliyanın şimal bölgəsindəki Darvin şəhəri yaxınlığında, keçmişdə işçilər üçün nəzərdə tutulan düşərgədə karantində saxlanılır.