Şimali Koreya hakimiyyətində nə baş verir?

Şimali Koreyada bu yaxınlarda silahlı qüvvələr naziri və digər yüksək rütbəli 3 nəfərin öldürülməsi Kim Conq Un rejiminin qeyri-sabitliyinə nümunə ola bilər.

Parlament komitəsinin bağlı qapılar arxasında keçirilən yığıncağında Milli Kəşfiyyat Xidmətinin rəhbəri qanunvericilərə bildirib ki, Şimali Koreyanın müdafiə naziri Hyon Yonq Çol təyyarəvuran qurğu ilə vurulub.

Şimali Koreyanın öldürülən müdafiə naziri

Seulun kəşfiyyat agentliyi öldürülənlər arasında yeni infrastrukturun memarı kimi tanınan Ma Uon Çunun da olduğunu bildirib. O, ötən il Pxenyanda yeni parkın açılışında Kim Conq Unun yayında dayanmışdı.

Bu, 2001-ci ildə atasının vəfatından sonra hakimiyyət başına keçən Kimin ətrafında baş verən yeganə hadisə deyil.

Bizim hökumət Kim Conq Unun terror əməlləri ilə mövqeyini möhkəmləndirməyə çalışdığını görür

Cənubi Koreyanın Unifikasiya Nazirliyinin sözçüsü Lim Byonq-çul şimalda baş verənlərin yaxından izlənildiyini bildirib. “Bizim hökumət Kim Conq Unun terror əməlləri ilə mövqeyini möhkəmləndirməyə çalışdığını görür.”

Şimali Koreyanın avtoritar, mediaya ciddi nəzarət olunduğu bağlı cəmiyyət olması baş verənlərin təsdiq edilməsini imkansız edir. Durum Seulun Kim rejimi daxilində ciddi hakimiyyət mübarizəsinə dair iddialarının doğruluğunu təsdiq etməyi də çətinləşdirir.

Donqquk Universitetinin Şimali Koreya üzrə professoru Kim Yonq-hyunun dediyinə görə, hakimiyyətdə aparılan bu kimi təmizləmələr Kimin hakimiyyətini bərkitməsi üçün müvəqqəti çarə ola bilər.

“Bu prosesdə Kim Cong Un rejimində qeyri-sabitliyin hökm sürdüyünü demək çətindir. Amma ola bilər ki, bu, Kimin orduya nəzarət etməsi üçün taktikasıdır.”

Cənubi Koreyanın kəşfiyyat agentliyi Kim Conq Unun səlahiyyətini sual altına alan 15 yüksək vəzifəli şəxsin öldürülərək cəzalandırıldığını bildirib.

2013-cü ildə Şimali Koreya lideri öz dayısı da daxil edilməklə, daha iki şəxsi çevriliş cəhdi ittihamı ilə ölümə məhkum etmişdi.