ABŞ konqresmeni Stefen Skalis çərşənbə günü Vaşinqton yaxınlığındakı Aleksandriya şəhərində beysbol oyununa hazırlıq üçün məşq zamanı silahlı hücum nəticəsində yaralanıb.
Bud nahiyəsindən güllə yarası alan 51 yaşlı konqresmenin vəziyyəti ağırdır. Hadisə Skalislə bərabər başqa konqresmenlərin cümə axşamı günü keçiriləcək beysbol oyunundan əvvəl məşqi zamanı baş verib.
Hadisə yerində olan Arizona senatoru Ceff Fleyk Skalisin bud nahiyəsindən güllə ilə vurulduğunu bildirib. Daha beş nəfərin də yaralandığı haqda məlumat verilib.
Stiven Skalis Konqresdə əksəriyyətdə olan respublikaçılar arasında intizama və səslərin təmin edilməsinə nəzarət etmək kimi funksiyanı yerinə yetirir.
Hadisə yerində olan şahidlər polisin dərhal müdaxilə etdiyini və silahlı şəxsə atəş açaraq onu yaraladığını bildiriblər. 66 yaşlı Ceym Hodqkinson az sonra aldığı yaralardan dünyasını dəyişib.
Əmlak inspeksiyası biznesinin sahibi daha əvvəl polis qeydiyyatında olub. O, prezident yarışlarında məğblub olan Sandersin tərəfdarı idi.
Ceyms Hodqkinson demək olar ki, hər gün Facebook səhifəsində prezident Trampa qarşı tənqidi postlar yazırdı.
Yazılarının birində o, Trampın vətən xaini kimi dəmir barmaqlıqlara layiq olduğunu bildirmişdi.
Prezident Donald Tramp və vitse-prezident Mayk Pens vəziyyəti yaxından izləyir. “Biz bu faciəli hadisəyə görə kədərlənirik. Fikirlərimiz və dualarımız Konqres üzvləri və onların işçiləri, polis üzvləri, hadisəyə dərhal reaksiya göstərən və hadisənin təsirinə məruz qalmış hər kəslədir”, prezident Trampın bəyanatında deyilir.