ABŞ Konqresi Trampı nifrət ideologiyasına qarşı çıxmağa çağırıb

ABŞ Konqresi Trampı rasizm, ekstremizm, anti-semitizm və ağ supremasistləri dəstəkləyən nifrət qruplarına qarşı çıxmağa çağıran birgə qətnamə layihəsini təsdiq edib.

Konqresin Nümayəndələr Palatası qətnaməni çərşənbə günü, sənədin Senatda təsdiq edilməsindən bir gün sonra qəbul edib.

Şarlottsvill şəhərində nümayişlər

Sənəd bundan sonra imzalanmaq üçün prezident Trampa təqdim ediləcək. ABŞ prezidenti keçən ay Virciniya ştatının Şarlottsvill şəhərində ağ millətçilərin yürüşü zamanı baş vermiş zorakılıqlara reaksiyasına görə tənqidlərlə qarşılaşmışdı.

Qətnamə layihəsi hər iki partiyanı təmil edən qanunvericilərin dəstəyi ilə demokrat senator Mark Uorner tərəfindən təqdim edilib.

"Bu axşam Nümayəndələr Palatası nifrət qrupları və Şarlottsvilldə hücumun qınanmasına dair mənim təqdim etdiyim qətnaməni qəbul edib. ABŞ prezidenti açıq mesaj göndərməli və onu ən yaxın zamanda imzalamalıdır", senator Uorner Tvitter səhifəsində yazıb.

Sənəddə avqustun 11-i irqçi və anti-semitizm məzmunlu şüarlar bağıran yüzlərlə ağ millətçi, ağ supremasist və neo-nasistin etirazçılara qarşı zorakılıqıları, növbəti gün isə neo-nasistin avtomobili insanların üzərinə sürərək Hether Heyeri qətl yetirməsi, etirazçıları müşahidə edən iki polis işçisinin vertolyot qəzası nəticəsində həlak olması qeyd edilir.

Konqres Heyerin qətlini “ölkə daxilində terror hücumu” kimi pisləyib.

Şarlottsvill şəhərində hadisələr zamanı həlak olmuş Hether Heyerin xatirəsi anılır

Qətnamədə deyilir ki, Konqres “ağ millətçiliyi, ağ supremasizmi və neo-nasizmi Birləşmiş Ştatların insanlarını xarakterizə edən dəyərlərə zidd olan qeyri-tolerantlığın mənfur ifadələri kimi” rədd edir.

Sənəddə Tramp administrasiyası ölkədə bu kimi qrupların artması məsələsinin ünvanlanmas üçün bütün vasitələrdən istifadə etməyə, onlar tərəfindən qorxudulma və ölkə daxilində terrorizm hadisələrini araşdırmağa və gələcəkdə zorakılıqların baş verməsinin qarşısını almağa çağırılır.