Kolumbiya prezidenti Xuan Manuel Santos cümə günü elan edib ki, ölkəsi növbəti həftədən etibarən NATO-nun Latın Amerikası regionundan ilk “qlobal tərəfdaşı” olacaq.
“Bunu gələn həftə Brüsseldə rəsmiləşdirəcəyik. Kolumbiyanın NATO-nun qlobal tərəfdaşları sırasına daxil olması çox önəmlidir. Biz bu imtiyaza malik olan yeganə Latın Amerikası ölkəsi olacayıq.”
FARC üsyançıları ilə sülhə nail olmuş 2016-cı il Nobel Sülh Mükafatı laureatı Santos deyib ki, bu Kolumbiyanın dünya səhnəsində imicinə müsbət təsir göstərəcək.
Kolumbiya və NATO tərəfdaşlıq haqqında razılaşmaya 2017-ci ilin may ayında gəliblər. Bu, hal-hazırda siyasi partiya olan FARC ilə sülh sazişindən sonra mümkün olub.
NATO-nun vebsəhifəsində yerləşdirilmiş bəyanatda deyilir ki, əməkdaşlıq sahələri kibertəhlükəsizlik, dəniz təhlükəsizliyi, terror və onun mütəşəkkil cinayətlə bağlantıları, eyni zamanda Kolumbiya silahlı qüvvələrinin bacarıqlarının gücləndirilməsi əhatə edir.
Kolumbiyaya əlavə olaraq, NATO-nun qlobal tərəfdaşlar siyahısına Əfqanıstan, Avstraliya, İraq, Yaponiya, Cənubi Koreya, Monqolustan, Yeni Zellandiya və Pakistan daxildir.