Fransya məxsus hərbi təyyarələr BMT-nin Liviyada qeyri-uçuş zonası tətbiq etməsindən sonra ilk dəfə olaraq Müəmmər Qəzzafiyə sadiq qüvvələri vurmağa başlayıblar.
Fransanın hərbi sözçüsü bildirib ki, təyyarələr vətəndaşlara təhlükə törədən bir maşını məhv edib. Lakin daxil olan xəbərlərə əsasən fransız təyyarələri Benqazi yaxınlığında dörd Liviya tankını məhv edib.
Fransa prezidenti Nikola Sarkozi deyir ki, müttəfiq təyyarələri Liviyada qeyri-uçuş zonasının icrasına başlayıblar. Qərb dövlətlərinə məxsus təyyarələrin başlıca hədəfi Müəmmər Qəzzafiyə sadiq hava qüvvələrinin qarşısını almaq və üsyançıların istehkamı olan Benqazidə mülki əhalini qorumaqdır.
ABŞ prezidenti Barak Obama az sonra Birləşmiş Ştatların Avropa və Ərəb müttəfiqlərinə qoşularaq hərbi əməliyyatlarda iştirak edəcəyini təsdiqləyib. Cənab Obama bildirib ki, koalisiyanın qətiyyəti sarsılmazdır və bütün üzvlər hərəkətə keçməyə hazırdırlar.
Cənab Sarkozi hərbi əməliyyatlar barədə bəyantı BMT, Avropa İttifaqı, Ərəb ölkələri və Qərb dövlətlərinin toplaşdığı fövqəladə yığıncaqda verib. Cənab Sarkozi bildirib ki, dünya qüdrətləri Liviya xalqına öz müqəddartını müəyyən etməkdə yardım göstərməyə hazırdırlar və Müəmmər Qəzzafinin beynəlxalq ictimaiyyətin tələblərinə cavab vermək üçün hələ də vaxtı qalır.
Bu gün üsyançılar atəşkəs elan etmələrinə baxmayaraq Qəzzafi qüvvələrinin hərbi əməliyyatları davam etdirdiklərini xəbər veriblər. Üsyançıların qərar tutduqları Əcdəbiyə, Benqazi və Misrata şəhərlərində döyüşlərin getdiyi haqda məlumatlar daxil olmaqdadır.