Demokrat Hillari Klinton respublikaçı Donald Trampla ilk debatdan sonra rəy sorğularında reytinqlərinin artacağına ümid bəsləyir. CNN tele şirkətinin keçirdiyi rəy sorğusuna görə, debatı izləyənlərin üçdə ikisi Klintonun daha yaxşı çıxış etdiyini deyib.
Hillari Klinton ilk debatda müvəffəq çıxışından sonra Şimali Karolina ştatında daha arxayın görünürdü.
Klinton debat zamanı Donald Trampı bir çox hallarda müdafiə vəziyyətində saxlayaraq, ona gəlir vergilərilərini ödəməməsi və prezident Obamanın vətəndaşlığı ilə haqda suallar qaldırması ilə bağlı təzyiq göstərməyə çalışdı.
Hillari Klinton:”O, siyasi fəaliyyətinə ilk qaradərili prezidentin Amerika vətəndaşı olmadığı haqda yalana əsaslanaraq başlayıb.”
Donald Tramp illərdir şübhələr yaratmağa çalışdıqdan sonra yalnız bu yaxınlarda prezidentin ABŞ-da anadan olduğunu qəbul etdiyini bildirib.
Donald Tramp:”Mən yaxşı iş görmüşəm və doğum şəhadətnaməsini açıqlamağa məcbur edərək təkcə ölkəyə deyil, elə prezidentin özünə də yaxşılıq etmişəm.”
Tramp Mayamidə tərəfdarları ilə görüşdə moderator və mikrofonundan şikayət etməsinə baxmayaraq, debatın yaxşı keçdiyini deyib.
O eyni zamanda, son rəy sorğularında Klintondan irəlidə olduğunu bildirib.
Donald Tramp:”Biz getdikcə daha çox dəstək qazanırıq. Mən Floridada praymerilərdə qələbə çalmışam və bizim işlərimiz çox yaxşıdır. Biz Floridada indi üstünlük qazanmışıq.”
Təhlilçi Metyu Dallekin fikrincə, Klintonun Trampı müdafiə vəziyyətində qoymaq strategiyası bəhrələrini verir.
Meyu Dallek:”Mənim fikrimcə, bu, onun açıq qələbəsi idi və uzun və olduqca gərgin rəqabət şəraitində keçən seçki müddətində təsirini göstərəcək mühüm bir məqamdır.”
Lakin Dallek deyir ki, debatların səslərini kimə verəcəklərini müəyyən etməmiş seçicilərə necə təsir etdiyi haqda nəticə çıxarmaq hələ tezdir.
Meyu Dallek:”Bunun onun əsas tərəfdarlarına böyük təsiri olacağını düşünmürəm. Lakin onun tərəfdarlarından ibarət bazanı necə genişləndirə biləcəyi ilə bağlı bir söz demək indi çətindir.”
Təhlilçi Andra Gillespinin sözlərinə görə, müsbət rəylərə baxmayaraq, Klinton etibar məsələsində zəif tərəfləri üzərində işi davam etdirməlidir.
Andra Gillespi:”O ona etibar edilməsi üçün özünə bir imic yaratmalıdır.”
Prezidentliyə namizədlər arasında növbəti debat oktyabrın 9-da keçiriləcək.