Bu gün Amerikada Martin Lüter Kinq günüdür

Bu gün amerikalılar qətlə yetirilmiş vətəndaş hüquqları müdafiəçisi Matin Lüter Kinqin anadan olduğu günü qeyd edir. Cənab Kinqin Birləşmiş Ştatları boyu təşkil etdiyi dinc nümayişlər Afrika mənşəli amerikalıların bərabər hüquqlar əldə etməsinə gətirib çıxardı.
1983-cü ildə prezident Ronald Reyqan 1929-cu ilin yanvar ayının 15-də Gorgiya ştatının Atlanta şəhərində anadan olmuş Martin Lüter Kinqin ad gününün hər ilin yanvar ayının üçüncü bazar ertəsi bayram ediməsi barədə qanun imzalayıb.

Martin Lüter Kinq vətəndaş hüquqları uğrunda mübarizədə lider səviyyəsinə 1955-ci ildə Alabama ştatının Montqomeri şəhərində ictimai avtobuslarda irqi ayrı-seçkiliyə son qoymaq üçün hərakata başçılıq etdiyi vaxt yüksəldi.

1963-cü ilin avqust ayında din xadimi olan Kinqin bərabər hüquqlar uğrunda mübarizəsi ölkə miqyasında hərəkata çevrildi. O vaxt Vaşinqtonda keçirilən mitinqdə 250 min nəfər iştirak edirdi. Kinqin başçılıq etdiyi mitinqin məqsədi qanunvericilərə irqi ayrı-seçkiliyə son qoyacaq vətəndaş hüquqlarına dair qanun layihəsini qəbul etdirmək üçün təzyiq göstərmək idi. Onun qeyri-zorakı etiraz aksiyaları və nitqləri vətəndaş hüquqları hərəkatını irəliyə apardı və bərabərlik məsələsini bütün ölkənin diqqət mərkəzində saxladı.
Kinq 1964-cü ildə Nobel Sülh mükafatına layiq görüldü. Həmin il prezident Lindon Conson Vətəndaş Hüquqarı Aktına, bundan sonrakı il isə Səsvermə Hüquqları Aktına imza atdı. Bu sənədlər ictimai yerlərdə irqi ayrı-seçkiliyi qadağan etdi və qaradərililərin səsvermə hüququndan məhrum edilməsi təcrübəsinə son qoydu.