Kim Conq Un Seula qarşı hərbi əməliyyatı dayandırıb

Şimali Koreya lideri Kim Conq Un Cənubi Koreyaya qarşı naməlum hərbi əməliyyatın dayandırılmasına göstəriş verib. Bu, Pxenyanın həftələrlə davam edən təhdidləri ilə yaranmış gərginliklərin azalmasına işarədir.

Hakim partiyanın mərkəzi hərbi komissiyası ilə görüşü zamanı Kim “yaranmış vəziyyəti nəzərə alaraq cənuba qarşı hərbi planını ləğv edib.” Bunu Koreyanın Mərkəzi Xəbər Agentliyi bildirib.

Kimin hansı hərbi əməliyyatı ləğv etdiyi və bunun cənuba qarşı provokasiyalara son qoyacağı bəlli deyil.

Lakin Seulda əlaqələrin daha da pisləşəcəyinə hazırlaşan bir çoxları Kimin qərarını təəccüblə qarşılayıb.

Cənubi Koreyanın Yunifikasiya Nazirliyinin sözçüsü Seulun vəziyyəti monitorinq etdiyini və Koreyalararası razılıqlara sadiq qaldığını deyib.

Pxenyan cənubun 2018-ci il iqtisadi əməkdaşlıq və hərbi gərginliyin azaldılmasına dair razılıqlara riayət etməməsinə qəzəblidir. Şimali Koreyaya qarşı beynəlxalq sanksiyalar Seulun bu razılıqların şərtlərinə tam əməl etməsinə maneə yaradır.

Bu ay Pxenyan razılıqların bəzi şərtlərindən imtina üçün bir sıra addımlar atıb. Buraya hər iki ölkənin de fakto səfirliyinin sökülməsi də daxil idi.

Şimal demilitarizasiya zonasına ordu yerləşdirəcəyi, sərhədyanı bölgədə hərbi təlimlərin bərpası və Seul hökumətinin rəsmiləri ilə kommunikasiya əlaqələrinin kəsiləcəyi ilə hədələmişdi.

Daha əvvəl Cənubi Koreya şimalı sərhəd boyunca təbliğat vərəqələri paylamaq planından əl çəkməyə çağırıb. Bundan öncə Pxenyan bildirmişdi ki, 12 milyon vərəqə yaymağa hazırlaşır. Bu, Cənuba qarşı ən böyük addım sayıla bilərdi.

Şimali Koreyanın bildirdiyinə görə, Cənubi Koreyaya tərəf 3 min şar və digər çatdırılma avadanlığı ilə 12 milyon təbliğat vərəqəsi buraxacaq.

Cənubi Koreyanın Yunifikasiya Nazirliyindən jurnalistlərə deyilib ki, bu plan dayandırılmalıdır, “Cənubi-Şimali Koreya münasibətlərinə qətiyyən faydası yoxdur”.

Kimin hərbi əməliyyatların dayandırılacağına dair bəyanatından sonra Şimali Koreyanın təbliğat orqanları olan DPRK Today və Meari Cənubla bağlı bəzi tənqidi yazıları silib.

Pxenyan həm də demilitariyasiya zonasına yerləşdirdiyi səsucaldan dinamikləri də çıxarıb.

Bu dinamiklərdən on illərdir iki ölkə arasında psixoloji müharibə kampaniyasının bir hissəsi kimi istifadə edilirdi. Onlar 2018-ci ildə gərginliyin azaldılmasına dair Koreyalararası razılaşmalarının bir hissəsi olaraq çıxarılmışdı.