Malayziya rəsmisinin dediyinə görə, dövlət orqanları DNT testi ilə Şimali Koreya lideri Kim Conq Unun qətlə yetirilmiş qardaşı Kim Conq Namın şəxsiyyətini təsdiq edə biliblər.
Çərşənbə günü baş nazirin müavini Əhməd Zahid Həmidi deyib ki, testin nəticəsi Kim Conq Namın övladlarının birindən əldə edilən DNT nümunəsi ilə edilib.
Kim fevralın 13-də Kuala Lumpur hava limanında hücuma məruz qalıb. Malayziya rəsmilərinin sözlərinə görə, iki qadın onun üzünə VX sinir qazı atıb. O, 20 dəqiqə sonra keçinib.
Malayziya cinayətin təşkilində Şimali Koreyanı günahlandırır və digər şübhəlilərin axtarışını davam etdirir.
Şimali Koreya meyidin yarılmasına qarşı çıxıb və hələ də, öldürülən şəxsin Kim Conq Nam olduğunu təsdiq etməyib.
Malayziya dövlət orqanları hadisə ilə əlaqədar olaraq təhlükəsizlik kamerası görüntürlərində hücumu həyata keçirdikləri göstərilən 25 yaşlı İndoneziya vətəndaşı Siti Aisyah və 28 yaşlı Vyetnam vətəndaşı Doan Ti-Huonqu həbs edib.
Kim Conq Nam atasından sonra Şimali Koreyanın lideri olmağa hazırlaşırdı, lakin 2001-ci ildə Tokiodakı Disneylendə getmək üçün saxta pasportla Yaponiyaya daxil olmağa çalışdığına görə, atası onu Makauya sürgünə göndərmişdi.