Barak Obama kiber təhlükəsizliyinə dair sərəncam imzalayacaq

Sərəncam Stanford universitetində təşkil olunan mətbuat konfransında imzalanacaq

ABŞ prezidenti Barak Obama şirkət və təşkilatları kiber təhlükəsizliyi barədə bir-biriləri və hökümətlə daha çox informasiya mübadiləsini təşviq edən sərəncam imzalayacaq.

Sərəncam Ağ Evin Kaliforniyanın Stanford universitetində kibertəhlükəsizlik və istehlakçıların hüquqlarının müdafiəsi üzrə təşkil etdiyi mətbuat konfransında imzalanacaq.

Ağ Evin sammitlə bağlı hesabatında kibertəhlükənin daha yayğın, kəskin və destruktiv olduğu dövrdə bu sərəncamın vacib olduğu qeyd olunub.

Ağ Ev bildirir ki, sərəncam çərçivəsinə məxfilik və vətəndaş azadlıqlarının güclü müdafiəsi daxil olacaq.

Sənədə əsasən ABŞ Milli Təhlükəsizlik Şurası müəssisələrin informasiya bölüşmələri ilə bağlı standartlar tərtib edən təşkilatı vəsaitlə təmin etməlidir.

Bu, Sony Pictures Entertainmentş, Anthem tibbi sığorta, Target, Home Depot, Ebay və JPMorgan Chase kimi müəssisələrə qarşı kiber hücumlara cavab olaraq atılan bir addımdır.

ABŞ hökümətinə qarşı kiber hücumlara Ağ Ev və Dövlət Departamentinin kompyuterlərinin hakerliyə məruz qalması daxildir.

Rusiya, Çin və Şimali Koreya bəzi hücumlara görə ittiham olunub.