YAP-ın keçmiş qərargahı qarşısında aksiya keçirən gənc fəallardan biri 30 sutka inzibati həbs cəzası alıb

Oktyabrın 13-də səhər saatlarında Yeni Azərbaycan Partiyasının keçmiş qərargahının qarşısında siyasi fəalların həbsinə və Respublika Günü bayramının adının dəyişdirilməsinə etiraz edən fəallardan biri Elmir Abbasov 30 sutka inzibati qaydada həbs olunub.

Bu barədə Səbail Rayon Məhkəməsinin hakimi İlkin Rüstəmlinin sədrliyi ilə keçirilən məhkəmə prosesində qərar qəbul edilib.

Qərara əsasən Elmir Abbasov İnzibati Xətalar Məcəlləsinin 535-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələblərinə qəsdən tabe olmama) maddəsinin pozmasında təqsirli bilinib.

Yaxınlarının yerli mediayaya açıqlamasına görə, o, məhkəmə prosesində bildirib ki, polis bölməsində fiziki təzyiqə məruz qalıb.

Bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən hələlik hər hansı şərh almaq mümkün olmayıb.

Xatırlatma

Oktyabrın 13-də NİDA və D18 Hərəkatının bir sıra gənc fəalları Yeni Azərbaycan partiyasının keçmiş qərargahının yerləşdiyi binanın qarşısında aksiya keçiriblər.

Gənc fəallar Azərbaycanda AXCP üzvləri Niyaməddin Əhmədovun və Fuad Əhmədlinin, jurnalist, ictimai fəal Anar Abdullanın, eləcə də digər siyasi məhbusların həbsinə etiraz ediblər.

Bundan əlavə gənclər Respublika Gününün adının dəyişdirilməsinə etiraz ediblər.