Ketrin Kosman Nardaran hadisələri və Azərbaycanda din azadılığı sahəsində vəziyyəti şərh edir

Your browser doesn’t support HTML5

ABŞ Dövlət Departamentinin bu yaxınlarda dünya ölkələrində din azadlığına dair illik hesabatının Azərbaycanla bağlı hissəsində “rəsmilərin toplaşma və ifadə azadlığı kimi fundamental azadlıqları və dini qruplar da daxil olmaqla, vətəndaş cəmiyyəti üçün fəaliyyət məkanını məhdudlaşdırdığı” deyilir. Hesabata əsasən, rəsmilər azlıqda olan Yehovanın Şahidləri və Sələfilər dini qruplarının üzvləri və din xadimi Fətullah Gülənin davamçıları olduğundan şübhələnilən şəxslərin toplaşdığı yerlərdə reydlər keçirib. Birləşmiş Ştatların Beynəlxalq Din Azadlığına dair Komissiyasının Mərkəzi Asiya regionu üzrə eksperti Ketrin Kosman Amerikanın Səsinə müsahibədə Azərbaycanda din azadlığı, ABŞ-ın Nardaran hadisələri və Gülən işi adı ilə bağlı müxalifət fəallarının həbsinə reaksiyasından danışıb.

Sual: Nardaran kəndində polis tərəfindən keçirilmiş əməliyyat nəticəsində həbs edilənlərə qarşı işgəncə halları ilə bağlı iddialar var. Bəzi müttəhimlər polisin onları Milli Şura və müxalifətlə əlaqələri olduğuna dair ifadələr veməyə məcbur etdiyini bildirib. Siz hadisələri izləyirsinizmi? Sizin buna münasibətiniz nədir?

Cavab: Biz uzun zamandır bu prosesdə əsas fiqurlardan biri olan imam Tale Bağırzadənin işi və fəaliyyətlərini izləyirik. Bu, artıq üçüncü dəfədir ki, o, həbsxanaya düşür. İlk dəfə o, həmin dövr qüvvədə olan hicaba qadağaya etirazla bağlı həbs edilmişdi. İkinci dəfə o, hökumətin dinə münasibətdə siyasətini tənqid etdiyinə görə həbsə salınmışdı. Bu yaxınlarda isə azad edildikdən sonra o, dostunu ziyarət edən zaman Nardaran kəndində olmuşdu. Və o vaxt mənim bildiyimə görə, qəflətən dini ayinlərin icra edildiyi zaman onlara, kəndə hücum olmuşdu. O özü, onun dostu və başqaları silahlı polis tərəfindən hücum məruz qalmışdı. Atışma nəticəsində yeddi nəfər həlak olmuşdu, onlardan ikisinin polis olduğu deyilir. İndi əsas sual Bağırovun və onun “Müsəlman Birliyi” qrupunun hər hansı bir vaxtsa zorakılığa yol verib-vermədiyi, yaxud da buna çağırış edib-etməməsi ilə bağlıdır. Bununla bağlı böyük suallar var. Müstəqil jurnalistlərdən tutmuş müxalifət liderlərinə və hətta prezident administrasiyasının nümayəndəsinə qədər məlumatı olan bir sıra müşahidəçilərin fikrincə buna inanmağa əsas yoxdur. Buna görə də Nardaran hadisələri ilə əlaqədar zorakılıq məsələsi mühüm olaraq qalır.

Sual: Azərbaycan müstəqilliyini qazanan dövrdən sonra İranın müxtəlif dərəcədə dini təsirinin yayılması müşahidə edilib. İran tərəfdarı fəallar, əgər belələri varsa, Azərbaycanın sabitliyinə hansı şəkildə təhlükə yaradır. Və burada bunu da əlavə etməliyik ki, son illər müəyyən dərəcədə özlərinə yer edə bilmiş sünni radikalların yaratdğı təhlükə nədən ibarətdir?

"Bu iddialardan biri ondan ibarət idi ki, o və həmin vaxt həbs edilən başqaları çox ciddi şəkildə işgəncəyə məruz qalmışdı. İmam Bağırzadə bunu həm ilkin təhqiqat zamanı, həm də məhkəmə prosesi zamanı dəfələrlə qeyd edib. Məhkəmə zalında olan şahidlər və başqaları orada eşitdiklərini şok kimi qarşılayıb."-Ketrin Kosman

Cavab: Birinci sualla bağlı dediklərimə onu da əlavə etmək istəyirəm ki, Bağırzadənin həbsxanada işgəncəyə məruz qaldığı daha tez-tez iddia edilir. Həm ikinci dəfə həbsdə olanda, o sonra qısa müddətdə azadlıqda olmuşdu, həm də noyabr ayının sonunda Nardaranda sonuncu insidentdən sonra həbs edildiyi zaman. Bu iddialardan biri ondan ibarət idi ki, o və həmin vaxt həbs edilən başqaları çox ciddi şəkildə işgəncəyə məruz qalmışdı. Bunun da əsasən terrora qarşı xüsusi təyinatlı qüvvələr tərəfindən edildiyi deyilib və imam Bağırzadə bunu həm ilkin təhqiqat zamanı, həm də məhkəmə prosesi zamanı dəfələrlə qeyd edib. Məhkəmə zalında olan şahidlər və başqaları orada eşitdiklərini şok kimi qarşılayıb. Onu da qeyd etməliyəm ki, BMT-nin İşgəncələr Əleyhinə Komitəsi və təşkilatın başqa qurumları bu məsələ ilə bağlı Azərbaycana tənqidlərini yönəldib, sonuncu dəfə bu keçən ilin may ayında olub. Azərbaycan hökuməti polis qüvvələri və yaxud təmsilçilər tərəfindən işgəncə hallarını hər zaman inkar edib.

İranın təsirinə gəldikdə, bu, olduqca mürəkkəb və mühüm bir məsələdir. Həm də ona görə ki, İranda Azərbaycanın özündən daha çox azərbaycanlı yaşayır. Bir də ki, Azərbaycan post-sovet ölkələri arasında əhalisinin əsas hissəsinin-təxminən 65 faizinin şiə olduğu yeganə ölkədir. Buna görə də onların İranla əlaqələri olduqca mühümdür. Sovet dövrünə nəzər salsaq, ölkənin özündə o zaman şiələrin yüksək ali təhsil alması üçün heç bir yer yox idi. İran yeganə yer idi. Buna görə də öz dini üzrə yüksək ali təhsil almaq istəyənlər üçün, xüsusilə də imam olmaq istəyənlər üçün İran yeganə yer idi. Həm Bağırzadə, həm də hökumətlə ciddi problemləri olmuş digər fəal şiə din xadimi İlqar İbrahimoğlu Qumda təhsil alıblar. Mən hətta bir nəfər yezuit keşiş tanıyırdım ki, o da Qumda təhsil almışdı. O aldığı təhsil, Qumda oxuduğu zaman dini ədəbiyyatın çeşidliliyinə görə təhsilindən olduqca razı idi. Bu o demək deyil ki, İrandakı şiəlik mahiyyətcə demokratikdir, bu, qətiyyən belə deyil. Amma bu həm də onu göstərir ki, məsələ Qərbdə çoxlarının düşündüyündən daha mürəkkəbdir. Mən ilahiyyatçı deyiləm, ona görə də ədalətli mühakimə yürütməzdən əvvəl biz gərək məsələnin elmi baxımdan təhlilini edək və bundan sonra nəticələr çıxaraq.

Onu da qeyd etmək istəyirəm ki, “Müsəlman Birliyi” hərəkatı keçən ilin mart ayında qeydiyyatdan keçməyə çalışıb və rədd cavabı alıb. Ona görə də mən qrupun hökuməti devirməyə çalışması haqda iddianı hökumət tərəfndən yalan hesab edirəm. Nəyə görə onlar hökuməti devirmək istədikləri halda həmin hökumətə qeydiyyat keçmək üçün müracitə edirlər?

Lakin yenə də dediyim kimi, məsələ mürəkkəb bir məsələdir. Bir də ki əlaqələrin olması tamamilə təbiidir. Çünki Sovet İttifaqının başqa ölkələrində olduğu kimi uzun illər ərzində dinə qarşı repressiyalardan sonra insanların öz dininin əsasları və ənənələri ilə maraqlanması tamamilə təbiidir. İnsanlar sovet rejiminin imkan verdiyindən və təssüf ki, Azərbaycan da daxil olmaqla hazırkı rejimlərin imkan verdiyindən daha çox bilik əldə etməyə çalışır.

“Müsəlman Birliyi” hərəkatı keçən ilin mart ayında qeydiyyatdan keçməyə çalışıb və rədd cavabı alıb. Ona görə də mən qrupun hökuməti devirməyə çalışması haqda iddianı hökumət tərəfndən yalan hesab edirəm. Nəyə görə onlar hökuməti devirmək istədikləri halda həmin hökumətə qeydiyyat keçmək üçün müracitə edirlər?"-Ketrin Kosman

Bu, fikrimcə, eynilə sünnilərə də aiddir. Mənim təcrübəmə əsasən, sovet dövrü hökumətlərin çoxunun hansısa bir dini esteblişmentə üstünlük verməsi kimi bir tendesiya var idi. Bu da onun hökumətə itaət etmək istəyi ilə müəyyən edilirdi. Və buraya öz dini ənənələrini davam etdirmək istəyən hamı daxil edilmirdi. İstər müsəlmanlar olsun, istərsə də xristianlar.

Sual: Bildiyiniz kimi dövlət çevrilişinə cəhddən sonra Türkiyədə, eləcə də Azərbaycanda Fətullah Gülənlə bağlı mübahisələr mövcuddur. ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini müxalifət fəallarını “Gülən tərəfdarları” adı ilə qaldırılan işlə bağlı həbs etməsinə görə tənqid edib. Bu məsələ ilə bağlı sizin mövqeyiniz nədir?

"Sovet İttifaqının başqa ölkələrində olduğu kimi uzun illər ərzində dinə qarşı repressiyalardan sonra insanların öz dininin əsasları və ənənələri ilə maraqlanması tamamilə təbiidir. İnsanlar sovet rejiminin imkan verdiyindən və təssüf ki, Azərbaycan da daxil olmaqla hazırkı rejimlərin imkan verdiyindən daha çox bilik əldə etməyə çalışır."-Ketrin Kosman

Cavab: Mənim bildiyimə görə, Azərbaycan hökuməti Gülənlə əlaqəsi ola bilən insanların həbsinə artıq keçən ildən başlayıb. Bu, artıq bir müddətdir davam edir. Gülənlə Türkiyə hökuməti arasında münasibətlər bir neçə il bundan əvvəl pozulmağa başlayanda, xüsusilə də Ərdoğanın Azərbaycana səfərindən sonra Azərbaycanda da Gülənlə əlaqəsi olmaqda şübhəli bilinənlər, ya da əsl gülənçilərin həbsləri və onların dindirilməsi başladı. Bu, təbii ki son günlər daha da intensivləşib. Fikrimcə, görünür, Azərbaycan hökuməti inanır ki, bununla dünyəvi müxalifət nümayəndələrinə qarşı da addımlar ata bilər.

Sual: ABŞ Dövlət Departamenti Din Azadlığına dair illik hesabatında Azərbaycan rəsmiləri qeyri-ənənəvi dini qruplara qarşı ayrı-seçkiliyə görə tənqid edib. Bu nə dərəcədə böyük problemdir?

Cavab: Bu, müsəlmanlarla bağlı ifadə etdiyim fikirlə eynidir. Rusiya istisna olmaqla post-sovet ölkələrinin əksəriyyətində əsas din daha çox təqiblərə məruz qalır. Qeydiyyatdan keçməyən, ya da qeydiyyatdan keçməsi üçün icazə alması lazım olan dini icmalara qarşı müxtəlif cəzalar tətbiq edilə bilər. Azərbaycanda qeyri-ənənəvi protestantlar, Yehovanın Şahidləri böyük çətinliklərlə qarşılaşır.

Sual: Sizin təşkilatınız-ABŞ-ın Beynəlxalq Din Azadlığına dair Komissiyası Dövlət Departamenti ilə yaxından işləyərək öz tövsiyələrini bildirir. Azərbaycanla bağlı ABŞ hökumətinə hansı tövsiyələr verilir?

Cavab: Bizi mandatımızın bir hissəsi Dövlət Departamentinin gördüyü işi tamamlamaqdan ibarətdir. Buna görə də biz Dövlət Departamenti ilə razılaşsaq da, bunu həmişə etmirik və buna görə də tövsiyələrimizi veririk. Bu yaxınlarda açıqlanmış 2015-ci il üçün hesabatın təhlil hissəsi çox yaxşıdır, amma səfirliyin ölkənin özündə etdiklərinə gəldikdə, mən görürəm ki, əsas diqqət dini azlıqlara verilir. Bu, lazımdır. Amma mən deyərdim ki, bununla yanaşı, müsəlmanlara aid mürrəkəb və mühüm məsələlərlə bağlı daha çox fəaliyyət göstərilməlidir. Bu, mənim əsas tövsiyəm olardı.