2014-cü il dekabrın 26-da Ermənistan-Azərbaycan cəbhəsinin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü barədə Azərbaycan Hərbi Prokurorluğunda aparılan cinayət işinin istintaqı yekunlaşaraq məhkəməyə göndərilib. Bu barədə Respublika Hərbi Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü olan peşəkar hərbi qulluqçu Arsen Baqdasaryan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayıqlığı nəticəsində yaxalanıb və hüquq mühafizə orqanlarına təhvil verilib.
İstintaqla müəyyən olunub ki, Ermənistanda xüsusi təlim keçən Arsen Baqdasaryan Azərbaycan vətəndaşlarını milli ədavət və düşmənçilik niyyəti ilə qəsdən öldürmək, Azərbaycanın müdafiə qabiliyyətini zəiflətmək məqsədilə Silahlı Qüvvələrin müdafiə mövqelərinə tərəf keçib səngərlərdə partlayışlar törətmək üçün mina basdırılması barədə göstərişlər alıb.
O, digər həbçilərlə qoşunların təmas xəttini gizli keçərək Azərbaycan Silahlı Qüvvələrinin müdafiə mövqelərində özləri ilə götürdükləri 7 ədəd “fuqas” tipli piyada əleyhinə minalardan 3 ədədini Azərbaycan hərbi qulluqçularının daha çox gedib-gəldiyi səngər yollarında yerləşdirdikdən sonra geri qayıtmaq istəyərkən tutulub.
Törətdiyi əməllərə görə Arsen Baqdasaryanın Azərbaycan Cinayət Məcəlləsinin 218.2-ci (Cinayətkar birlik-təşkilatda iştirak etmə), 29,120.2.1-ci (Cinayətkar birlik - təşkilat tərəfindən qəsdən adam öldürməyə cəhd etmə), 29,120.2.7-ci (İki və daha çox şəxsi qəsdən öldürməyə cəhd etmə), 29,120.2.12 (Milli, irqi, dini, ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd etmə), 29,282.2-ci (Təxribat, yəni mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə müəssisələrin, qurğuların, yolların, əlaqə və rabitə vasitələrinin, əhalinin həyat təminatı obyektlərinin dağıdılmasına, yaxud zədələnməsinə yönəldilən partlayışlar, yanğınlar və sair hərəkətlər törətməyə cəhd) və digər maddələri ilə ittiham olunmasına dair cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib.
Erməni tərəfi Baqdasaryanın hərbçi olmadığını, mülki vətəndaş kimi azaraq cəbhənin Azərbaycan tərəfinə keçdiyini bildirib.