Kerri: “Snoudenin xəyanəti üzündən insanlar həyatını itirə bilər"



Birləşmiş Ştatlar Rusiyanın ABŞ kəşfiyyat orqanlarının keçmiş kontraktoru Edvard Snoudeni təhvil verməsinə çalışır. Hazırda Dehlidə səfərdə olan ABŞ Dövlət katibi Con Kerri Snoudenin ədalətdən yayınması ilə bağlı Amerikanın Səsinin müxbiri Skott Sternsin suallarını cavablandırıb. O deyib ki, Snoudenin Honq-Konqdan çıxmasına icazə verilməməli idi. “Qanun qanundur, özü də indi dünyamız belə bir-birinə bağlı olduğu bir vaxt beynəlxalq qanunun əhəmiyyəti daha da böyükdür. Honq-Konq və ABŞ arasında təhvil verilmə haqda müqavilə var və bu müqaviləyə əməl olunmalıdır”-deyə o bildirib.

Dövlət katibi Kerri Snoudenin xəyanətinin amerikalılara həyatı itirməklə başa gələcəyini deyib. Onun sözlərinə görə, Snouden əks-terror səylərini və insanların həyatını risk altına qoyub. “Birləşmiş Ştatlarda insanlar həyatını itirə bilər, çünki terrorçular indi bilməli olmadıqları, onun gördüyü işdən əvvəl bilmədikləri şeylərdən indi xəbərdardır”-deyə ABŞ Dövlət katibi Con Kerri Amerikanın Səsinə bildirib.