ABŞ dövlət katibi iranlı həmkarı ilə görüş keçirib

ABŞ dövlət katibi iranlı həmkarı ilə Omanda görüş keçirib. Nüvə razılığının möhlətinin başa çatmasına iki həftə qalmış Con Kerri və Məhəmməd Cavad Zərif görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.

Müzakirələrdə Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Ketrin Eşton da iştirak edib.

ABŞ Dövlət Departamenti müzakirələrin sabah davam etdiriləcəyini bildirib.

Bir gün əvvəl Pekində olan Kerri razılıq əldə edilməsində ciddi fikir ayrılıqları olduğunu etiraf edib.

O, nüvə müzakirələrindən əlavə İranla İŞİD-ə qarşı birgə mübarizə səylərinin gündəmə gətiriləcəyini bildirib.

Görüşdən əvvəl Zərif Qərbin İrana qarşı sanksiyalarının nüvə proqramı ilə bağlı qarşıdurmanın həllinə mane olduğunu deyib. Nazir sanksiyaların qeyri-qanuni və onların qaldırılmalı olduğunu bildirib.