Con Kerri Məhəmməd Zəriflə nüvə razılığını müzakirə edir [Yenilənib]

Danışıqlar zamanı atom agentliyinin monitorinqi və İranda nüvə istehsal edilən məkanların nəzarəti müzakirə olunub

ABŞ dövlət katibi Con Kerri nüvə danışığı aparan nümayəndələrin iyunun 30-dək razılıq əldə edə bilməmələrinin səbəblərini müzakirə etmək üçün cümə günü Vyanada İranın Xarici İşlər naziri Məhəmməd Cavaz Zəriflə görüşüb.

Kerri bidlrib ki, bundan öncə ikili cümə günü daha bir qısa görüş keçiriblər. O, Zərifin qrupunun prosesdən maksimum nəticə əldə etmək üçün bütün günü işlədiklərini deyib. Kerri həmçinin nümayəndələrin görməli işlərinin çox olduğunu və önlərində çətin məsələlərin olduğunu qeyd edib.

Zərif Kerrinin sözlərini dəstəkləyərək bildirib ki, biz hamımız bir irəliləyiş əldə etmək üçün çalışırıq və bunu bacarırıq.

Bu arada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Yukiya Amano Tehrana səfər edib. Orada o prezident Həsən Ruhani və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ilə görüşüb.

Danışıqlar zamanı agentliyin monitorinqi və İranda nüvə istehsal edilən məkanların nəzarəti müzakirə olunub.

“Mən inanıram ki, hər iki tərəf irəliləyiş əldə etmək istəyir, amma buna baxmayaraq hələ çox iş görülməlidir” - deyə Amano müxbirlərə bildirib.

İrəliləyiş əlaməti yoxdur

Bu arada İran nüvə danışıqları artıq ikinci həftədir davam edir, lakin mübahisəli şərtlər üzərində heç bir irəliləyiş qeydə alınmayıb.

İran və dünyanın altı qüdrətli dövlətindən ibarət qrup nüvə proqramının məhdudlaşdırması müqabilində Tehrana qarşı beynəlxalq sanksiyaların yüngülləşdirilməsi üçün yekun razılığın əldə olunması məqsədilə son tarixi 7 iyula təyin ediblər.

Vyanada davam edən danışıqlar rəsmilər tərəfindən ləng, lakin doğru istiqamətdə irəliləyən proses kimi qiymətləndirilib. Bu raundda son razılığın əldə olunacağına dair gözləntilər yüksəkdir.

“Hal-hazırda heç bir irəliləyişin əldə olunduğunu düşünmürəm,” deyə cümə axşamı Britaniya xarici işlər naziri Filip Hammond bildirib: “Biz bu təkanı qorumaq üçün əlimizdən gələni etməyə davam edəcəyik”.

Birləşmiş Ştatlar, Böyük Britaniya, Çin, Fransa, Rusiya və Almaniya İranlı həmkarları ilə yüksək səviyyəli danışıqlar aparırlar. Nümayəndələr iyunun 30-a təyin olunmuş son möhlət tarixinədək razılıq əldə edə bilmədikləri üçün danışıqlar bir həftə uzadılıb.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, sazişin şərtlərinin 90 faizi üzərində razılıq əldə olunub, digər problemlər isə bir neçə gün ərzində həll oluna bilər.

İranlı vasitəçilər bir sıra həll olunmayan məsələ ilə bağlı sərt mövqe bildiriblər.

Məsələn, İran sanksiyaların dərhal aradan qaldırılmasını istəyir. Bundan əlavə beynəlxalq inspektorların İranın nüvə və hərbi bazalarına çıxışı ilə bağlı fikir ayrılıqları davam edir.

AEBA protokolları

İranın yüksək səviyyəli rəsmisi müxbirlərə bildirib ki, Tehran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin qaydalarını qəbul etsə məsələ həll oluna bilər.

Lakin ABŞ rəsmiləri AEBA protokollarını qeyri-kafi adlandırırlar, çünki onlar İrana bəzi nüvə obyektlərinə çıxışı qadağan etmək imkanı verir.

ABŞ və müttəfiqləri illərdir İranın nüvə proqramının nüvə silahı düzəltməyə yönəldiyinə inanırlar. İran bunu təkzib edir və proqramın dinc mahiyyət daşıdığını deyir.